İyun ayında Türkiyənin Kappadokiya bölgəsinə 428 230 xarici və yerli turist gəlib.
Nevşehir qubernatoru dəftərxanasının açıqladığı məlumata görə, 2019-cu ilin iyununda turistlər arasında artım 71 faiz təşkil edib. Kappadokiya ötən ilin eyni dövründə təqribən 251 min turist qəbul edib.
Açıq səma altında Gereme Muzeyi regionun ən populyar görməli məkanıdır. Sözügedən dövrdə muzeyə 144 556 turist gəlib. Gereme Muzeyinin ardınca Hacı Bektaş Vəli Muzeyi (99 min 705) və yeraltı Kaymaklı şəhəri (66 min 127) gəlir. Bütövlükdə bu ilin altı ayı ərzində turistlərin sayı ilə ötən ilin analoji dövrü ilə müqayisədə 26 faiz artaraq, 1,2milyon nəfərdən 1,6 milyon nəfərə çatıb.
Xatırladaq ki, Çində “Türkiyədə turizm ili” elan edilmiş ötən yay mövsümü öz bəhrəsini verib. Təkcə Kappadokiya əyaləti minlərlə çinli turist qəbul edib. Görməli təbiət yerləri, ilk növbədə qaynar bulaqları və mədəni sərvətləri ilə məşhur olan bu əyalət 2017-ci ildə Çindən 250 mindən çox turist cəlb edib, bu il isə 500 min turist qəbul etməyə ümid bəsləyir.
“Anadolu” agentliyi xəbər verir ki, əyalətin turistlər üçün təklifləri, o cümlədən hava şarlarında səyahət, at belində və tırtıllı avtomobillərdə gəzintilər çinli turistlər arasında çox populyardır.
Rəyi soruşulan çinli turistlər bildiriblər ki, reklam kampaniyası, xüsusilə dövlət başçısının tövsiyələri çinli turistlər arasında böyük əks-səda doğurub. Onların çoxu Kappadokiya ilə yanaşı, Antalya və İstanbula da səfər ediblər. “Sarafan radiosu” sayəsində gələcəkdə turistlərin sayının daha da artacağı gözlənilir. Belə ki, çinli turistlərin çoxu Kappadokiyanı öz tanışlarına tövsiyə etməyi planlaşdırır.
“2018-ci ildən etibarən “Göygöl” Milli Parkında 10 istiqamətdə ekoturizm marşrutu təşkil edilib. Onların arasında Göygöl, Maralgöl, Qaragöl, Qaragöl 2, Güzgü gölü, Zəli gölü, Göz gölü, Ayı gölü, Cilli gölü, Şanlı göl, Quş gölləri də var”.
Bunu jurnalistlərə açıqlamasında “Göygöl” Milli Parkının direktor müavini Fuad Quliyev deyib.
O bildirib ki, 3065 metr hündürlükdə olan Kəpəz dağına da ekoturizm marşrutu var.
F.Quliyevin sözlərinə görə, bu marşrutlardan yararlanmaq üçün parkın girişində məlumatlar verilir:
“Hər 6 nəfərlik qrup üçün bir bələdçi təyin edilir. 3 min metrdən aşağı marşrutlarda bələdçi üçün 20 manat ödəniş edilir. 3 min metrdən yüksək olanda isə bələdçi üçün 30 manat ödəniş edilir. Bir də, parka girəndə 2 manat biletə verilir. Marşrutun tutulması xərci isə turistin özündən asılıdır. Turist taksi də tuta bilər, öz maşını ilə də gedə bilər. Hər ekoturizm marşrutunun öz xüsusiyyəti var, hər kəs bu marşrutlara gedə bilməz. Yüksək dağ kəsimlərinə gedəndə isə Fövqəladə Hallar Nazirliyindən icazə alınır”.
O qeyd edib ki, gün ərzində yalnız 3 marşrut üzrə getmək mümkündür.
Şəhərlərin qədim mərkəzi və tarixi məhəllələri ilə hərəkət edən insan kütlələri, şəhərlərin əsas hərəkət yollarında tıxac yaradan səyahət avtobusları, bələdiyyələrə gecələmə üçün rüsum ödəməyən, lakin ətraf mühitə ağır zərbə vuran okean laynerləri, turistlərlə dolu dəniz çimərlikləri və tarixi abidələr qarşısında gözləmə sıraları hər ilin yay aylarında turizm mövsümünün tanış mənzərələridir. Kütləvi turist səfərləri ətraf mühitə böyük zərbə olsa da, dünya üzrə turistlərin sayı ildən ilə artmaqdadır.
2017-ci ildə dünyada azı 1,4 milyard insan turist kimi səyahətə çıxıb. Ümumdünya Turizm Təşkilatının (UNTWO) verdiyi məlumata görə, bu göstərici 2016-cı illə müqayisədə altı faiz artım deməkdir. Buraya həm fərdi, həm biznes səfərləri, eləcə də bir şəxsin il ərzində keçirdiyi bütün səfərlər daxildir.
Dünyanın ən çox səfər edilən beş turizm istiqamətindən üçü Avropada yerləşir. 90 milyon turistlə Fransa bu siyahıya başçılıq edir, sonrakı yerlərdə İspaniya (82 milyon), ABŞ (77 milyon), Çin (61 milyon) və İtaliya (58 milyon) gəlir. Araşdırmalara görə, turistlər son dövrlərdə indiyədək maraqlı olmayan istiqamətləri də kəşf etməkdədirlər. Belə ki, Yaxın Şərq, Şimali Afrika və Cənubi Saxara regionları yeni trendlər sırasındadır.
Beynəlxalq qurumun məlumatına görə, 1970-ci ildə beynəlxalq turistlərin sayı 166 milyon nəfər idisə, 2017-ci ildə təkcə Çindən xaricə səfər edən turistlərin sayı 143 milyon nəfər olub. Sonrakı yerdə 92 milyonla almanlar, 88 milyonla amerikanlar dayanır.
Turistlərlə yüklənmə hazırda bir çox şəhər və regionlarda ciddi problemə çevrilib. Barselonadan Venesiyaya kimi bir çox şəhərlər həddən ziyadə turizmə (overtourism) qarşı müxtəlif tədbirlər görür. Əlavə vergi, məhdudiyyət və tarixi ərazilərə girişi qadağan etməklə turist axınını nizamlamağa çalışır. Turistlərin çoxluğu şəhərlərdə kirayə qiymətlərinin qalxması, mərkəzi küçələrdə sıxlıq və səs-küy, həmçinin yerli sakinləri narahat edir. Qlobal mobilliyin getdikcə artması, rəqəmsal xidmətlər və rəqabətin xüsusilə endirimli təkliflərə yol açması turist axınının gələcəkdə də davam edəcəyinə dəlalət edir.
I Dünya Müharibəsinin başlamasına səbəb olan körpü və ya kabelsiz əlaqənin ilk dəfə gerçəkləşdirildiyi yer… – Hamısı insanlığın gələcəyini dəyişdirən hadisələrə şahidlik edən yerlər kimi tarixə keçib.
Gezmeli.az “Publika.az”-a istinadən dünya tarixində xüsusi yeri olan bir neçə məkanı təqdim edir.
Xirosima, Yaponiya
Xirosima, Yaponiya
Xirosima tarixdə atom bombasının atıldığı ilk şəhər kimi qalıb. Şəhər hələ də yüzminlərlə insanın öldüyü bu hücumun izlərini saxlayır. Hücumun gerçəkləşdiyi məkan hələ də qorunub saxlanmaqdadır.
Uittenberq, Almaniya
Uittenberq, Almaniya
Almaniyanın Uittenberq şəhərindəki “Əzizlər Katedralı” tarixin ən əhəmiyyətli qırılma anlarından birinə ev sahibliyi edir. Martin Lüter buradakı tarixi katedrala yeni doktrinasını asıb protestantlığın başlanğıcını elan edib. Bu da Avropada uzun illər davam edəcək Reformasiya hərəkatını və məzhəb müharibələrini alovlandırıb. Müharibələrdə milyonlarla insan ölüb və ya yaşadığı yeri tərk ermək məcburiyyətində qalıb.
St. Moritz, İsveçrə
St. Moritz, İsveçrə
İsveçrənin bu sakit qəsəbəsi dünyada istirahət anlayışına istiqamət verən hadisələrdən birinə şahidlik edib. Qış turizminin bugünkü mənada gerçəkləşməsini təmin edən hadisə ilk dəfə St. Moritzdə başlayıb. Beləliklə, qış tətili və qış idmanları məfhumu yavaş-yavaş zehinlərdə öz yerini alıb.
Signal Hill, Kanada
Signal Hill, Kanada
Bu gün heç kim özünü internetsiz təsəvvür edə bilmir. Həyatımızın hər sahəsində yerini alan internet üçün bir az da ixtiraçı Markoniyə borcluyuq. İtaliyalı elm adamı Quqliemo Markoni tarixdə ilk dəfə transatlantik xəbərləşməni Signal Hill ilə Avropa arasında gerçəkləşdirib. Beləliklə, kabelsiz əlaqə də insanların həyatına daxil olub. Kanadanın şərqində yerləşən Signal Hill də bu əlaqəyə şahidlik edən yer kimi tarixə keçib.
Sarayevo, Bosniya və Herseqovina
Sarayevo, Bosniya və Herseqovina
Milyacka çayının üzərində tikilən Latın Körpüsü 1914-cü ildə Avstriya-Macarıstanın vəliəhd şahzadəsi Frans Ferdinandın sui-qəsd nəticəsində öldüyü yer kimi yaddaşlarda qalıb. Qavrilo Prinsip adlı serbiyalı gəncin etdiyi sui-qəsddən 37 gün sonra I Dünya Müharibəsi başlanıb.
Biz necə də gözəl ölkədə yaşayırıq: bir neçə iqlim zonası, multikultural ənənələr, zəngin tarixi və təbii irs Azərbaycanı turizm üçün həqiqətən bitməz-tükənməz imkanlar diyarına çevirir. Səyahətçiləri burada nə qədər maraqlı kəşflər gözləyir!
Bilirsinizmi ki, məsələn, respublikanın Masallı rayonunda banan yetişir və krablar (onayaqlı dəniz xərçəngi) yaşayır, yaxud dünyanın ən qədim kərə yağı İsmayıllının diyarşünaslıq muzeyində saxlanılır və ya Şamaxıda yeni musiqi aləti ixtira edilib, Xınalıqda isə qar adamla üz-üzə gələn ovçu yaşayır?!
Bu və digər əyləncəli, bəzən isə müəmmalı faktlar barədə sizi bu gün məlumatlandırmaq istəyirik.
Gəncənin əzəmətli parkı və Masallı möcüzələri
Azərbaycan burada heç olmasa bir dəfə olmuş adamı məftun edir. “Odlar Yurdu”nda ilk dəfə olan turistlər bir səslə deyirlər ki, səfər onlar üçün əsl kəşf olub – Azərbaycan isə onların qarşısında parlaq rəngləri ilə nadir brilyant kimi bərq vurub. Səyahətçilər Bakının mərkəzindəki Qız qalasını, Şəki xanları sarayının Venesiya şüşələrinin gözqamaşdırıcı parıltısını və bəşər sivilizasiyasının beşiyi – minlərlə heyrətamiz petroqliflərin həkk olunduğu Qobustan qayalarını buradan ayrıldıqdan sonra hələ xeyli müddət xatırlayırlar. Lakin Azərbaycanın geniş şöhrət tapmış görməli yerləri ilə yanaşı, bu və ya digər şəhər və rayonunda turistləri hələ nə qədər heyrətamiz tapıntılar gözləyir.
Masallı
Kimin ağlına gələrdi ki, Gəncədə Heydər Əliyev adına park kompleksi hazırda Azərbaycanda və Qafqazda ən böyük parkdır və dünyanın ən böyük beş parkından biridir! Onun ümumi sahəsi nə az, nə çox, 450 hektardır! Parkın girişində tamaşaçıları möhtəşəm “Zəfər tağı” gözləyir. Bu, eni 20 metr, uzunluğu 50 metr, hündürlüyü 38 metr olan tikilidir. Tağın başına xüsusi pilləkən və ya liftlə qalxmaq olar. Yuxarıda muzey, kafe və baxış meydançası var. Buradan şəhərə və ətraf yerlərə heyrətamiz mənzərə açılır. Adamlar “Zəfər tağı”ndan keçərək uzunluğu 2 kilometr olan geniş xiyabana daxil olurlar. Parkda ümumilikdə 16 fəvvarə quraşdırılıb.
Gəncə haqqında daha bir kəlmə: qutabı burada kətə adlandırırlar! Gəncə kətəsi pendir qatılmış ət və ya göyərti ilə olur. Porsiya, bir qayda olaraq, iri və doyumludur, üstünə sumax səpilir – çox dadlıdır!
Masallı
Masallı – Azərbaycanın qeyri-adi koloritli və maraqlı guşəsi də özündə çox sürprizlər gizlədir. Subtropik mülayim iqlimi var, yayda burada havanın temperaturu +29 dərəcədir. Bütün rayon sıx meşələrlə örtülüb. Bu meşələrdə nadir bitkilər, o cümlədən məşhur dəmir ağacı bitir. Ancaq burada bananın yetişməsini çox adam gözləmir, lakin onlara burada hər yerdə rast gəlmək olar. Üstəlik bəzi yerlərdə yaşıl banan salxımlarını görmək olar. Hərçənd bu salxımlar yetişməyə güclə gedib çatır, lakin bu ekzotika yerli mənzərəni zənginləşdirir.
Masallı rayonu özünün çoxsaylı isti mineral bulaqları ilə məşhurdur. Burada məşhur “Fatimeyi-Zəhra” sanatoriyası yerləşir. Sanatoriyanın ətrafında isə müalicəvi bulaqda krablar bəslənir! Bu kiçik ziyansız şirin su xərçəngləri təkcə istirahət edənlərin gözünü oxşamır, həm də bu yerlərin ekoloji təmizliyinin çox gözəl indikatorudur.
Nəhayət, Masallı öz mahir ustaları ilə də məşhurdur. Məsələn, Lənkəran şosesinin 10 kilometrliyində yerləşən Xanalion kəndində qeyri-adi çayxana var. Onun sahibi Maqsud Şirəliyev köşklərdən birini ağacda – 35 metr hündürlükdə qurub! Çay dəstgahı podnosda buraya 50 metrlik trosun köməyilə qaldırılır. Hər kəs çay içmək üçün belə hündürlüyə qalxmağa cəsarət etməz. Ayaqları altında möhkəm yeri hiss etməyə üstünlük verənlər bağda quraşdırılmış köşklərdə otura bilərlər. Burada ekzotik bitkilərin 26 növü, meyvə ağacları və kollarının 38 növü yetişir.
Xanalion kəndinin daha bir sakini Əkrəm Cabbarov da bitkilərə hədsiz maraq göstərir. O, 11 ildə tut ağacına floranın 23 növünü peyvənd edə bilib. Bəzi bitkiləri o, əvvəlcədən gövdədə açılmış və torpaqla doldurulmuş oyuqda əkib. Buna baxmayaraq, bitki növlərinin çoxu inkişaf edir və məhsuldardır. Açığını deyək ki, tut ağacından xiyarın asılması, əriyin “boylanması”, burada dəfnə yarpaqlarının bitməsi qeyri-adidir.
Lahıcın numerologiyası və Nic kəndinin sakini Geroy
İsmayıllı Azərbaycanın etnoqrafik turizm mərkəzlərindən biridir. Təəccüblü deyil ki, sənətkarlar şəhəri Lahıcda, Basqal kəndində indiyədək ənənəvi kəlağayı istehsal olunur, əhalisi arasında molokanların üstünlük təşkil etdiyi İvanovka kəndi də buradadır. Bilirsinizmi ki, Lahıcda hər şey 7 rəqəmi ilə başlayır? 7 dağın arxasında yerləşən bu kənddə 7 bulaq, 7 məhəllə və 7 hamam var. Burada indiyədək IX əsrdə çəkilmiş kanalizasiya sistemindən istifadə olunur, özü də sistem elə məharətlə qurulub ki, sakinlər axan suyun hara getdiyini indinin özündə də bilmirlər.
İsmayıllının digər məşhur kəndi Basqalda XVI əsrdə əkilmiş çinar var. Onun nəhəng gövdəsində açılmış oyuqda çayxana, sonra isə bərbərxana yerləşirdi. İndi bu ağac dövlət tərəfindən mühafizə olunur. Basqalın daha bir maraqlı səciyyəvi cəhəti odur ki, orada bütün evlərin üzü Məkkəyə tərəf baxır.
Lahıc
İvanovkanın da səciyyəvi cəhətləri var. Məsələn, kəndin yaxınlığından Ax-ox çayı keçir. Deyilənə görə, bu ərazidə bir dəfə güclü daşqın olub, molokanların evlərinə ziyan dəyib. Çayın sahilinə toplaşan sakinlər qışqırmağa başlayıblar. Onların qışqırığı və fəryadları uzaqlara “Ax!” və “Ox!” kimi yayılıb. Həmin vaxtdan çayın adı Ax-ox qalıb.
Yeri gəlmişkən, İsmayıllının zəngin tarixi ilə əyani tanış olmağa imkan yaradan diyarşünaslıq muzeyində çoxlu nadir eksponatlar qorunur. Bunlardan biri kərə yağının dünyada ən qədim növüdür. Yağ Mollaisaqlı kəndində qədim amforanın içindən, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilən zaman tapılıb. Paytaxtın arxeologiya muzeyinin mütəxəssisləri ekspertiza aparıb və müəyyən ediblər ki, yağ e.ə. III-I əsrlərə aiddir. Buradakı daşı – kosmosun ənginliyindən buraya düşmüş meteorit olduğu güman edilən daşı da yaddan çıxarmaq olmaz. Daşın kiçik ölçüləri, eyni zamanda, qeyri-adi ağır çəkisi onun mənşəyi haqqında şübhə doğurmur.
Lahıc
Etnoturizmdən danışanda Qəbələ rayon mərkəzinin 40 km cənub-qərbində Nic kəndini də yaddan çıxarmaq olmaz. Burada udinlər yaşayır. Tarixçilərin fikrincə, onlar Qafqaz albanlarının əcdadlarıdır. Udinlərin əksəriyyəti xristian dininə sitayiş edir. Maraqlıdır ki, Nic kəndində udin adları ilə yanaşı, başqa xalqlardan götürülmüş adlar da var. Məsələn, kənddə Vitali, Sergey adlı adamlar yaşayır, kənd sakinlərindən birinin adı Valter, birininki isə Geroydur.
Şəmkir bambuku və Şamaxı fenomeni
Çoxları yəqin, eşidib ki, bir vaxtlar Azərbaycanda, Şəmkirdə alman koloniyası olub. Şəhərdə bu gün də o zamanların maddi sübutları qalmaqdadır: lüteran kilsəsi, ənənəvi evlər, şərab zirzəmiləri.
Lakin heç də hamı bilmir ki, qiymətli yadigarlar təkcə şəhərin mərkəzində qalmayıb. Şəmkir rayonunda kolonistlərin daha bir dayağı indiki Çinarlı (keçmiş Georqsfeld) kəndidir. İnzibati mərkəzdən 15 kilometr aralıda yerləşən və Almaniyadan gəlmiş insanların izlərini ehtiramla qoruyur. Kəndin əsası 1888-ci ildə qoyulub, iki il sonra isə burada sahəsi 5 hektar olan mənzərəli park salınıb. Onun ərazisində kənd əhalisinin asudə vaxtının keçirməsi üçün rəqs meydançası, mədəniyyət evi, habelə şərab istehsalı üzrə müəssisə və lüteran kilsəsi vardır. Qeyd etmək lazımdır ki, bir çox tikililər heç də pis vəziyyətdə deyil. Parka xüsusi gözəlliyi ağaclar verir, onlar o qədər gurdur ki, sanki cəngəlliyə düşmüsən. Nəhəng sərv və şam ağacları ilə yanaşı hər addımda qarşıya çıxan yelpiyə bənzər palmalar bu təsəvvürü daha da gücləndirir. Parkda nadir hind qozu, nə qədər paradoksal olsa da, hətta bambuk belə bitir.
Şəmkir
Çinarlı qəsəbəsinin daha bir görməli yeri köhnə körpüdür. Bu körpü onunla məşhurdur ki, onun üzərində Azərbaycan kinematoqrafının klassikası sayılan məşhur “Əhməd haradadır?” filminin çəkilişləri aparılıb.
Şəmkir
Bir vaxtlar möhtəşəm Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxının da qürrələnməyə çox şeyi var. Burada, Uşaq Yaradıcılığı Mərkəzində dünyada analoqu olmayan musiqi aləti var. Onun yaradılmasına 15 il sərf edilib. Alət üçkomponentli nağara qurğusundan ibarətdir, lakin onun vasitəsi ilə sadəcə ritm tutmaq yox… melodiya çalırlar! Onun ilk komponenti tonallıq üzrə 3 oktavaya bölünən 36 kiçik nağaran ibarətdir. Digər iki komponent bir oktavalıdır və müşayiət üçün nəzərdə tutulub. Unikal qurğu yaradıcısının adını daşıyır – “Antik”. Onun ixtiraçısı Uşaq Yaradıcılıq Mərkəzinin müəllimlərindən biri olan Antik Seyidovdur. İstedadlı musiqiçi və bəstəkar artıq bu qurğuda ənənəvi musiqi alətlərinin – royal, skripka, qarmon, zurnanın müşayiəti ilə bir neçə əsər yazıb, onların vokal partiyalarının ifaçısı öz qızıdır. Əgər axtarış sətrində “Ehli Quran” sözlərini yazsanız, bu musiqiyə YouTube saytında qulaq asa bilərsiniz. Bu nadir ansamblın canlı ifasını isə Şamaxı Uşaq Yaradıcılıq Mərkəzinin səhnəsində dinləmək olar.
Qış fəslində istirahət etmək, tətil keçirib, qarlı havanın dadını çıxarmaq istəyənlər də az deyil. Azərbaycanda qış turizmi obyektlərinin sayı gündən-günə artsa da, hələ dünya turizm obyektləri ilə müqayisəyə gələcək səviyyədə deyil.
Dünya insanının qışda hansı ölkələrdə, hansı istirahət mərkəzlərində vaxt keçirmələri ilə bağlı bir arayış hazırlamışıq. Qiymətləri və şərtləri Azərbaycanla müqayisə edəndə ortaya ilginc mənzərə çıxır.
ST. MORITZ, İSVEÇRƏ
Xüsusən yeni il bayramlarında və Milad zamanı işıqlandırılan və sehrli bir atmosferə sahib olan bu bölgəyə 3 fərqli yolla çatmaq mümkündür. Əgər dumana görə bağlı deyilsə, təyyarə, ya da qatar səfəri ilə bu mərkəzə çatmaq mümkündür. Sözügedən mərkəz dünya milyonerlərinin də əsas ziyarət yerlərindən biridir. Professional xizəkçilərin olduqca çətin məkanlarda, şərtlərdə öz ustalıqlarını nümayiş etdirdikləri St. Moritz möhtəşəm bir meşə mənzərəsinə sahibdir. Həm otellər, həm də əyləncə məkanları baxımdan olduqca populyardır. Donmuş göl üzərində gerçəkləşən at yarışları uzun illərdən bəri baş tutmaqdadır. Bəhs tutanlar və ya it yarışlarını izləməyi tərcih edənlərə son dərəcədə sıx-sıx rast gəlmək mümkündür.
ST. MORITZ, İSVEÇRƏ
Ölkənin ən önəmli və populyar xizək mərkəzlərindən biri olan Les Deux Alpes, 3600 yüksəklikdən xizəklə sürüşmək imkanı verir. Noyabr ayının sonlarına doğru açılan xizək mərkəzi may ayının sonuna qədər ziyarətçi qəbul edir və aktiv bir halda xidmət verir. Bir digər özəlliyi də uşaqlar üçün təşkil edilən bir-birindən fərqli və gözəl tədbirlər təşkil edir. Gündüz xizəklə sürüşənlər gecə də işıltılı bir gecə həyatı keçirə bilirlər.
ALPBACH (TIROL), AVSTRALİYA
ALPBACH
Avstraliyanın qarlarla əhatələnmiş bu şirin kəndi professional və ya həvəskar hər cür xizəkçinin sevilən mərkəzlərindən biridir. Mükəmməl və tərtəmiz bir dağ havasında xizəklə sürüşmək və bu mərkəzlərdə istirahət etmək olduqca zövqlüdür. Bu, Avstraliya sərhədləri daxilində ən gözəl kənd seçilib. Daim düzənli və səviyyəli bir məkan olan Alpbach, xüsusən də fərqli memarlıq üslubu ilə tikilmiş kənd evləri ilə də diqqətləri üzərinə çəkir.
COURÇEVEL (SAVOİE), FRANSA
600 km ilə dünyadakı ən böyük və uzun xizək sahələrindən birinə sahib olan Courçevel, elit atmosferlədən bezənlərin daha rahat edə biləcəyi və ailəvi tətillərini keçirə biləcəyi bir bölgədir. Ən böyük özəlliyi süni qar yağdırılaraq hazırlanan bir sürüşmə mərkəzinin olmasıdır. Buna baxmayaraq, bir çox idmançıya da ev sahibliyi etməkdədir. Gecə işıqlandırması və gözəl bir dağ mənzərəsinə sahib olması da tərcih edilmə səbəblərindəndir. İçində bir də uşaq kəndi olan bu dəyişik xizək mərkəzi eyni zamanda hər hansı bir qəza və ya narahatlıq olduğu zaman 10 dəqiqə ərzində təcili tibbi yardım gəlməsi ilə məşhurdur. Cenevrədən 2.5 saat məsafədə olan bu mərkəzin bir də helikopter meydançası var.
ST. MORITZ, İSVEÇRƏ
KILLINGTON (VERMONT), AMERİKA
Qış turizmi sektorunda lider səviyyədə olan olan Killington, Amerikanın şərqində yer almaqdadır. Sözügedən bölgənin kiçik bir qəsəbəsi olaraq qış turizmində ən çox diqqət çəkən mərkəzlərdəndir. Tək bir əl tərəfindən idarə edilən qəsəbədə rezervasiya, çatım və xizək idmanları eyni yerdə toplanıb. Xizək turizminin artıq bir industriya halına gəldiyi qəsəbədə xüsusən süni qar hazırlayan maşınlar diqqət çəkməkdədir. Dünyadakı bənzərlərinə görə də olduqca ucuz bir məkan sayılır. Vermont Kanada sərhədinə də olduqca yaxın sayılır.
ZERMATT (VALAIS) , İSVEÇRƏ
Avropadakı ən gözəl dağ mənzərələrindən birinə sahib olan Zermatt, 3899 metr yüksəkliyi ilə xizəkdə sürüşənlərə macəra dolu bir tətil yaşatmaqdadır. Şəhərin içində maşından istifadə olunmayan və təbiiliklə komfortu eyni yerdə birləşdirən qəsəbə bənzərsiz gözəllikdəki mənzərəsi ilə sadəcə xizək həvəskarlarının yox, digər ziyarətçilərin də xoşbəxt ayrıldıqları bir bölgədir. İsveçrənin digər gözəl şəhərləri olan Cenevrə və Sürixə yaxınlığı ilə bilinən, sevilən bir yer olan Valais ildən-ilə ziyarətçilərinin sayını artırır.
MAYRHOFEN (TIROL), AVSTRALİYA
MAYRHOFEN (TIROL), AVSTRALİYA
Dənizdən 630 metr yüksəklikdəki yerləşməsi ilə ayrı bir yerə sahib olan bu xizək mərkəzi eyni zamanda Alp dağlarındakı uşaqlara yönəlmiş tədbirlər təşkil edən ilk təsisatdır. Mərkəzdəki sistemli və sürətli nəqliyyat sayəsində özünüzü bir anda 2250 metrə çatan bir yüksəklikdə hiss edirsiz. Bu hündürlükdən də adrenalin dolu bir xizək macərası sizləri gözləyir. Ziyarətçi təsislərinin kifayətliliyi və keyfiyyəti ilə diqqət çəkən Mayrhofen, turizm sektorunda xüsusən qış mövsümündə öndə gələn məkanlardan biridir.
LES ARCS, FRANSA
Üç bölgədən ibarət bu möhtəşəm xizək mərkəzi, yüksəkliklərinə görə sinifləndirməkdədir. 1600, 1800 və 2000 metr yüksəklikdə yerləşən Les Arcs, xizək xaricində də gəzilməsi ən zövqlü mərkəzlərdən biridir. Ən çox Arc 1600-ün diqqət gördüyü bölgədə həm qonaqlama, həm də alış-veriş imkanı tapa bilərsiniz. Fransanın bir gözəl şəhəri olan Liona sadəcə 2.5 saat uzaqlıqda olması da bölgənin hər mövsümdə dolu olmasına səbəb olur. Tətil dövrləində qiymətlərin yüksək olduğu mərkəzə yanvar sonu-mart ortasında getmək daha məsləhətlidir.
COURMAYEUR (AOSTA), İTALYA
COURMAYEUR
Xizəkdə sürüşmə ilə yanaşı, bir-birindən ləziz menyular təqdim edən restoranları və tərtəmiz sularıyla da məşhur olan bir bölgədir Courmaeur. Onu da qış turizminin ən öndə gələn mərkəzlərindən biri adlandırmaq olar. Mont Blanc tuneli vasitəsilə Fransanın Chamonix adlı xizək mərkəzinə də çıxıla bilən mərkəzdə kənd evləri də görülməli olan yerlər arasındadır.
BRECKENRIDGE (COLORADO), AMERİKA
BRECKENRIDGE
Amerikanın ən vacib xizək mərkəzlərindən biri olan Breckenridge eyni zamanda bir-birindən fərqli mağazaları və yemə-içmə yerləriylə də məşhurdur. 3962 metr hündürlükdən xizəklə sürüşmə həyəcanı yaşaya biləcəyiniz bölgə eyni zamanda çılğın bir gecə həyatına sahibdir.
TÜRKİYƏ DƏ BAHALIDIR, FRANSA DA, ELƏ AZƏRBAYCAN DA…
Və bu siyahıda Türkiyəni də unutmaq olmaz. Qardaş ölkənin Uludağ, Palandöken, Kartepe, Kartalkaya, Sarıkamış, Erciyes, Davras böldələri qış turizminin döyünən ürəyi sayılır. Uludağda adambaşına qiymətlər 166 manata yaxın olduğu üçün, 5 gecəlik tətilin qiyməti 830 manata yaxındır. Halbuki Avstraliyadakı Zeli Am See-dəki 5 gecəlik otel qiyməti 824 manat, Fransadakı Chamonixdə isə 918 manata yaxındır.
Beş gecəlik tətil üçün Kartalkayada 1066 manat, Palandökəndə 720 manatdır. Fransanın Alplarındakı Meribeldə isə təyyarə qiyməti də daxil olmaqla, 5 gecəlik tətil 1400 manatdır.
Ayrı-ayrı ölkələrdəki qış turizmi otellərindəki qiymətlərə nəzər salaq:
Avstraliya – Salzburq – 500 avro (bir gecəlik)
Avstraliya-Kitzbuhel – 1217 avro
İsveçrə-Leynşin – 599 avro
İtaliya- Val Gardena – 850 avro
Fransa – Morzine – 699 avro
Bolqarısran – Bansko – 138 avro
Makedoniya – Mavrova-299 avro
Ukrayna-Bukovel – 339 avro
Polşa – Zakopane – 449 avro
Keçək Azərbaycana. “Şahdağ” yay-qış turizm kompleksinin yaxınlığında 4 otel var. Bunlardan əhali üçün nisbətən çatımlı olan 4 ulduzlu “Zirvə” otelidir. Burada tək otaqda bir gün qalmaq həftə içi 80 manat, həftə sonu isə 100 manatdır. Bu qiymətə səhər və günorta yeməkləri də daxildir.
Şahdağda xizəklərdən istifadə qiymətlərini də yaddan çıxarmayaq. Xizək ləvazimatlarının kirayələnməsi üçün şəxsiyyətinizi təsdiq edən sənəd tələb olunur.
Tətillərdə, həftə sonlarında xüsusən, respublikamızın rayonlarına səfər edən insanların qarşısında ilk növbədə “hansı oteldə gecələməli?” sualı durur. Hərçənd hər bir rayonda beşulduzlu otellər, komfortlu istirahət mərkəzləri olsa da, hamının cibinə uyğun olmadığından, insanlarda müəyyən maliyyə sıxıntıları yaranır. Rayonlarda yaşayan yerli sakinlərin öz yaşayış evlərini ucuz qiymətə təklif etmələri də bəzən insanların bu problemini həll etmir. Bəziləri təhlükəsizlik baxımından şəxsi evlərdə qalmağa üstünlük vermirlərsə, bəziləri təklif edilən şəraitlə razılaşmırlar.
Turistlər ulduzundan asılı olmayaraq, otellərdə gecələməyə daha çox üstünlük verirlər. Digər tərəfdən, yaşayış evlərinin hostellər kimi təqdim olunması ilə bağlı Mənzil Məcəlləsinə təklif edilən dəyişiklik də hələ tam reallaşmadığından, turistlərin səfər etdikləri məkanlarda yerləşmə problemi ilə üzləşməsi faktları var. Reallıq isə budur ki, sosial durumu yüksək olmayan insanlar beşulduzlu otellərə yaxın düşə bilmir, bələd olmadığı, tanımadığı evlərdə isə gecələməyi riskli hesab edir. Bunun üçün təbii ki, otellərin sayının və seçiminin çox olması zərurəti yaranır. Digər tərəfdən, mövcud otellərdə də yer tapmaq problemi var. Nəzərə alsaq ki, paytaxtda keçirilən irimiqyaslı idman yarışları ərəfəsində – may və iyin aylarında otellər tam dolu olub, onda paytaxtda və regionlarda otellərin sayının artırılmasına olan ehtiyacı başa düşmək çətin deyil.
İki gün öncə ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda da turizmlə bağlı səsləndirdiyi fikirlər bu sahədəki problemləri bir daha gündəmə gətirdi. Dövlət başçısı ölkədə turizmin inkişaf etdiyini bildirərək, turistlərin sayının 25 faiz artdığını qeyd edərək, bu göstəricinin ölkəmizin dünyada tanınmasının göstəricisi olduğunu bildirib: “Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq”. Prezident xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac olduğunu bildirərək, sahibkarları bu işə dəstək olmağa çağırıb: “Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”.
2-3 ulduzlu otellərə kəskin ehtiyac var
Ölkə başçısının fikirləri həm xaricdən, həm də regionlardan paytaxta gələn, oteldə gecələmək istəyən və ya regionlara səfər edən turistlərin yerləşmə zamanı rastlaşdıqları problemi olduğu kimi əks etdirir. Seçim imkanının olmaması insanların narazılığına səbəb olmaqla bərabər, turizmin inkişafına da mənfi təsir göstərir. Yəni otellər yalnız 5 ulduzlu olduğu üçün insanlarda seçim imkanını çətinləşdirir. Bu tip otellərin qiymətləri isə hər kəsin cibinə uyğun olmadığından müxtəlif problemlər yaranır. 2-3 ulduzlu otellərə və hostellərə olan tələbat həm də bu tip məsələlərdən qaynaqlanır. Bu baxımdan, təkcə Bakıda deyil, turizmin inkişaf etdiyi bütün regionlarda bu tip obyektlərin tikintisinə kəskin ehtiyac yaranıb. Yəni turizmin nəbzinin tutulması və qiymət baxımından aşağı ulduzlu otellərin tikilməsi bu sahənin inkişafı üçün vacib amilə çevrilib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
Yaxın gələcəkdə ölkəmizdə 2 və 3 ulduzlu otellərin yaradılmasının nəzərdə tutulduğunu deyib. “Tuzim Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend otellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2-3 ulduzlu otellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq. Bu amil ölkədə daxili turizmin inkişafını da sürətləndirəcək”.
Ekspertlərin 2-3 ulduzlu otellərin tikintisinə yaranan ehtiyacla bağlı qeydləri də insanların tələbatları ilə üst-üstə düşür. Belə ki, ölkəmizə turist axını başlayandan – ərəb, iranlı, rus və s. ölkələrin vətəbdaşalrı Azərbaycanı tanıyandan sonra bu ehtiyac get-gedə dərinləşir. Paytaxtımıza gələn insanların tələbatını ödəyəcək qədər 5 ulduzlu otellər olsa da, ümumilikdə turistlərin büdcəsinə uyğun 2 və 3 ulduzlu otellərin tikintisi məsələsi problem olaraq qalır.
İqtisadçı ekspert Vüqar Bayramov
Ümumən ölkədə otellərin azlığının qiymətlərin baha olmasına səbəb olduğunu deyir: “Bu məsələnin dəfələrlə qabardılmasına baxmayaraq, turizm şirkətləri qiymətlərin aşağı salınmasına təşəbbüs etmirlər. Bəzi regionlarda rəqabət zəifdir, otellərin sayı azdır. Bu da sahibkarların qiymətləri yüksəltməsi üçün fürsətə çevrilir” Ekspert deyir ki, bütünlükdə Azərbaycanda gündəlik 18 min turisti qəbul etməyə şərait var. Bu isə böyük rəqəm deyil: “Deməli, otellərin, turizm obyektlərinin sayı kifayət qədər deyil. Bu səbəbdən də, rayonlarda 3 ulduzlu otellərdə qiymətlər yüksək olaraq qalmaqdadır. Belə otellərdə gündəlik qiymət 150-200 manat arasında dəyişir. Bu da orta aylıq əmək haqqının yarısı qədərdir. Demək qiymətlərlə orta əmək haqqı arasında fərq kifayət qədər böyükdür. Qiymətlərin tənzimlənməsinə ehtiyac var”. V.Bayramov hesab edir ki, regionlarda otellərin sayı artsa, bu, həmçinin daxili turizmin inkişafına səbəb olar: “İnsanlar tətillərdə, yay və ya qış aylarında, o cümlədən həftə sonlarında regionlara istirahətə getmək istəyirlər. Bunun üçün ölkədə daxili turizmi inkişaf etdirmək vacibdir. Belə ki, Avropa ölkələrində turizm gəlirlərinin 80 faizi daxili turizmin payına düşür: “Bu sahənin inkişafı daxil olan vəsaitin ölkədə qalmasına səbəb olur. Qiymətlər mövcud məvacibə uyğunlaşdırılmalıdır. Vətəndaşların Gürcüstan və digər qonşu ölkələrdə yox, regionlarda dincəlməyə üstünlük vermələrinə şərait yaratmaq lazımdır. Bununla da, vəsait ölkədə qalar və regionların turizm sahəsi inkişaf edər. Amma bunun üçün lazımı infrastruktur olmalıdır ki, onlardan başlıcası da otellərdir”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkədə otellərin sayının artırılması ilə bağlı prezidentin çağırışını müsbət qiymətləndirir: «Bu, çox vacib məsələdir. Ekspertlər, mütəxəssislər dəfələrlə bu məsələyə toxunublar. Artıq ölkədə turizm get-gedə inkişaf edir. Yerlərdə, regionlarda turizm infrastrukturu düzəlib. Ərəb, rus, iranlı turistlər tez-tez regionlarımıza səfər edirlər. Turizm şirkətləri yeni marşrutlar tərtib edirlər. Şəki, Qəbələ, Şamaxı, Quba-Qusar-Xaçmaz, Masallı-Lerik-Lənkəran zonaları üzrə turlar təşkil olunur. Təbii ki, bu regionların hər birində yeni otellərin inşasına zərurət yaranır. Yeni otellər tikilərsə, həm qiymətdə ucuzlaşma yaranar, rəqabət olar, həm də otellər arasında xidmət səviyyəsi yüksələr. Hansı otel daha yaxşı xidmət təqdim edərsə, orada turistlərin axını çoxalar. Bu da həm qiymət siyasətinə, həm də xidmət səviyyəsinə öz təsirini göstərəcək. Demək olar ki, artıq bizim regionlar turizm məkanlarıdır”. Ekspert hesab edir ki, əslində otellər vaxtında inşa olunmalı idi: “Eyni zamanda, həmin otellər müxtəlif ulduzlar almalıdırlar. Yəni tikiləcək otellər təkcə beşulduzlu olmamalıdır. Eyni zamanda, digər tipli otellərin tikintisinə ehtiyac var”.
M.Ağakərimov hesab edir ki, Azərbaycanın sahibkarları bu sahəyə investisiya qoysalar, yaxşı nəticələr əldə etmək olar: “Otellərin tez tikilib istifadəyə verilməsi həm ölkəyə turizm axınının güclənməsinə səbəb olar, həm də ölkə iqtisadiyyatına gəlir gətirər».
Otel nə qədər ucuz və çox olsa, turist bir o qədər ölkədə çox qalar
Yəni otelin ucuz olması turistlərin ölkəmizdə daha çox qalmaları və daha çox pul xərcləmələrinə şərait yaradar. Bunun üçün isə şübhəsiz ki, bütün tip, ən əsası 2-3 ulduzlu otellər şəbəkəsi genişləndirilməlidir. İnvestorların bu istiqamətə yönələn investisiyaları isə ölkə başçısının dediyi kimi, gələcəkdə böyük gəlir deməkdir. Həmçinin turizmin inkişafı ölkənin regionlarının da inkişafına səbəb olar, yüzlərlə iş yerlərinin açılmasına və son nəticədə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verər. Artıq Sahibkarlığa Kömək Milli Fondunun xüsusilə regionlarda aşağı ulduzlu otellərin tikilməsinə investisiya ayırması ilə bağlı təşviq qanunu çıxsa da, hələ ki, ilkin addım görünmür. Ümid edək ki, ölkə başçısının investorlara çağırışı məsələnin kökündən dəyişməsinə səbəb olacaq. Yəni bazara xarici yox, öz investorlarımız maraq göstərəcək.
Bolqarıstan Avropanın ən ucuz yay turizm istiqaməti hesab olunub.
Gencaile.az-ın “azərtac”-a istinadən məlumatına görə, bu barədə İngiltərənin Dövlət Poçt Xidməti tərəfindən aparılan tədqiqatda bildirilir.
Bolqarıstan əsas ərzaqların və məhsulların qiymət nisbətinə görə Avropa ölkələri arasında ən ucuz ölkədir. Tədqiqatda bildirilir ki, Bolqarıstan o qədər də populyar turizm istiqaməti kimi tanınmasa da, amma bu araşdırmadan sonra əlverişli istirahət məkanına çevrilə bilər.
Yayı turizm mövsümü hesab edirlər. Insanların gəldikləri ölkələrin tarixi yerlərini, gözəl mənzərələrini seyr etməklə yanaşı, mütlət ən böyük alış-veriş mərkəzlərinə də baş çəkməyi unutmurlar. Bu günki insana nəyi geyinməyi öyrətmək lazım deyil. Daha doğrusu ona seçimində bir balaca istiqamət versən, yetər. Lakin bəzi paltarlar var ki, onu ancaq xüsusi yerlərdən, məsələn, müəyyən ölkənin ən bərkgedən mərkəzi küçəsindəki mağazalardan almaq olar. Bu zaman adi şoppinq, bir növ, rituala çevrilir. Ən bahalı paltarlar, ən ekstraordinar brendlər yalnız belə yerlərdə olur. Buradan bazarlıq etsəniz, bununla bütün dostlarınızın içərisində fəxr edə bilərsiniz. Haqqında danışacağım ən bahalı 10 küçənin Azərbaycan prototipi Fəvvarələr meydanı da daxil olmaqla Torqovıdır. Düzdür, Torqovıda bazarlıq edən şəxs İtaliya istehsalı olan pencək alanda əmin olmur ki, bu mal, həqiqətən, Appenindən gətirilib. Dərhal ağla Türkiyənin və ya ən pessimistlərdə isə yerli sexlərin birinin məhsulu olduğu gəlir. Amma ən bahalı 10 küçədə belə şübhələrə yer yoxdur. Bəs onlar hansılardır? Harada yerləşirlər? Adları nədir?
10) Laugavegur
Laugavegur
Gezmeli.az Milli.Az-a istinadən bildirir ki, ənənəyə görə axırdan əvvələ gələk. Nağıllar ölkəsi kimi xarakterizə olunan İslandiyanın paytaxtı Reykyavikdə Laugavegur küçəsi yerləşir. Bu küçə keçmişlə müasirliyin kəsişdiyi nadir nöqtələrdən biridir. Qəribədir ki, Laugavegur Reykyavikin mərkəzi küçəsi deyil. Buranı heç dəbin baş qərargahı da adlandırmaq olmaz. Lakin nə deyəsən ki, vikinqlər bahalı brendlərin əksərini bu küçəyə cəlb edə biliblər. Bir də unutmayaq ki, İslandiya Avropanın ən bahalı ölkələrindən sayılır. Və əgər Laugavegur küçəsindən bir paltar alsanız, sonra isə başqa bir ölkədə ziyafətə oradan alınmış kostyumda getsəniz, əmin ola bilərsiniz ki, heç kim də bu dəstdən olmayacaq.
9) The Magnificient Mile
The Magnificient Mile
Çikaqonun bu küçəsi bütün ABŞ-da və ondan kənarda olduqca populyardır. Miçiqan Avenyunun “Möhtəşəm Mili” kimi tərcümə olunan bu küçə dəbin episentridir. Adı dillər əzbəri olan brendlərdən əlavə, ən son ticarət markalarının məhsullarını bu küçədə tapmaq olar. Həmin markalardan Brooks Brothers, Cartier, FAO Shwartz, Gucci, Lord&Taylor, Louis Vuitton, Neiman, Marcus, Tiffany, Hermes və Versace-ni göstərmək olar.
8) Avinguda Diagonal
Avinguda Diagonal
Bu küçəyə getmək üçün çox səbəb var. Ən azı ona görə ki, Avinguda Diagonal Kataloniyanın mərkəzi şəhəri olan Barselonanın tacıdır. Bizdən yaxşı bilirsiniz ki, Barselopna Avropanın ən qədim və antik memarlıq abidələri ilə zəngin şəhərlərindən biridir. Odur ki, ən bahalı brendlər burada qotik üslublu binaların birinci mərtəbəsində vitrin açmaq üçün dəridən-qabıqdan çıxırdılar. Keçmiş zamanda yazdım, çünki indi nəinki Diaqonal prospektində, hətta adi küçələrdə belə boş yer qalmayıb. Əgər nə vaxtsa Barselonaya getsəniz, bu küçəni mütləq ziyarət edin. Heç nə almaq lazım deyil. Sadəcə olaraq, yay vaxtı bayırda qurulmuş kafelərin birində oturaraq ispan qəhvəsi içə-içə bu füsunkar şəhərin gözəlliyini seyr edin. Sizi əmin edirəm ki, həmin an həyatınıza əbədi həkk olunacaq.
7) Ginza
Ginza
Avinguda Diagonal-dan Avrasiya materinin tam əsk qütbünə- Günəşin hamıdan tez oyandığı Yaponiyaya gedək. Dünyanın ən bahalı şəhəri Tokioda bir neçə küçə var ki, orada ciblər sürətlə boşalır. Həmin küçələrdən biri də Ginza-dır. Bu küçədə o qədər brend adına rast gəlirsən ki, istər-istəməz başın gicəllənir. Buna qiymətlərin də böyük təsiri var. Bütün vitrinlər Yaponiyanın milli üslubunda bəzədilib. Bir şey almasanız belə, orada gəzən yaponların mehriban və səmimi üzlərinə baxmaq nəyə istəyirsən, dəyər. Ginza gecə xüsusilə gözəldir. Küçənin istənilən yerində yanan saysız-hesabsız və rəngarəng neon lampalar ona xüsusi görkəm verir.
6) Fifth Avenue
Fifth Avenue
Beşinci Avenyu– Manhettenin ən populyar və bahalı küçəsi dilimizdə məhz belə səslənir. Gucci, Henri Bendel, Tiffany, Bergdorf Goodman, Steuben, Christian Dior və Versace öz yerində, bu küçənin ən bahalı və nüfuzlu mağazaları sırasına Saks Fifth Avenue, Bloomingdales və ya Macy”s brendləri də daxildir. Deyilənə görə, bir əlamətə görə hamı dərhal anlayır ki, siz turistsiniz. Məhz mağazaların vitrinlərinin qeyri-adiliyindən gəlmələrin ağzı açılır. Bu da ona gətirib çıxara bilər ki, sizin kimi məftun olmuş başqa bir turistlə toqquşa bilərsiniz.
5) Rodeo Drive
Rodeo Drive
Beverly Hills barəsində eşitmisiniz. Onun haqqında eşitməmək mümkün deyil. Bir çox mütəxəssisin fikrincə, dəbin lap qaynar nöqtəsi elə Rodeo Drive-dir. Cəmi 3 kvartaldan ibarət bu küçəni tez-tez Hollivud ulduzları ziyarət edir. Zarafat deyil, elə paltar dəstləri var ki, onların qiyməti 10 min dollardan başlayır.
4) Bond Street
Bond Street
İngiltərəyə aid nə varsa, onun əsas nöqtəsi qədimliyi ilə bağlı olur. Bu mənada Londonun Bond Street küçəsi də istisna təşkil etmir. 1616-cı ildə bu küçənin adı bir dövlət kitabına düşüb. Dəb ustaları isə Bond Street-i XIX yüzillikdə bəyəniblər. Piccadily Circus-la Oxford Street arasında yerləşən bu küçə ilə qədimliyi ücbatından iki yerə – Old Bond və New Bond-a ayrılıb. Old Bond Street-də aristokrat təbəqəü çün pal-paltar satılır.Cavanların isə New Bond-da alış-veriş etməsi məsləhətdir.Burada antikvariat məhsulların auksionu tez-tez keçirilir.Məhz bu səbəbdən Sothbey“s və Phillips auksionlarının baş ofisi Bond Street-də yerləşir.
3) Bahnhofstrasse
Bahnhofstrasse
Saatlar, banklar və başqa belə dəyərli atributların vətəni İsveçrə siz bu onluq bir qədər solğun görünərdi. Saatlar ölkəsinin ən bahalı şəhəri Sürix bu küçənin yerləşdiyi şəhərdir.Isveçrəlilərin mentalitetini bilmək istəsəniz, bu küçəni gəzməyiniz yetər.Təmizlik, dəqiqlik, səliqə – Bahnhofstrasse küçəsindən alacağınız ilk təəssürat məhz bu şəkildə olacaq. Küçənin uzunluğu 1,5 km olsa da, onun mağazalarının vitrinlərindəki malların minimum qiyməti 1,5 milyon avrodan çoxdur.
2) Via Monte Napoleone
Via Monte Napoleone
Bu küçə İtaliya sənayesinin mərkəzi olan Milanı bu Top 10-da təmsil edir. Gucci, Cartier, Yyes Saint Laurent, Alexander McQueen, Boucheron, Versace, Valentino, Prada öz yerində, sadəcə olaraq, bir şeyi deyim ki, bu küçənin lap yaxınlığında La Skala yerləşir. Artıq şəhrə ehtiyac yoxdur.
1) Champs Elysees
Champs Elysees
Və nəhayət zirvə. Dəbdən danışan da Parisin adını çəkməmək günah olardı. Indi əmin olabilərsiniz ki, biz bugün ahabatanlardan olmadıq. Çünki ən bahalı küçə məhz Fransanın paytaxtında yerləşir.Qədim yunanlar Elyses deyəndə axirət dünyasını nəzərdə tuturdular. Yelisey çöllərinin mənası o dünya deməkdir.Ölümdən elə-belə danışmadım.Çünki bu küçədədə ölmək olar, lakin gözəllikdən.Yelisey çölləri turistlərin cibini boşaltmaqda rəqib tanımadığından ən bahalı küçənominasiyasının qalibi olub.Lakin rəfiqənizlə bu küçə boyu gəzib ona heç nə almasanız belə, sizdən inciməz.Axı Champs Elysees-də gəzmək hər cütlüyə nəsib olmur.