Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindən sonra vilayətin daha 4 şəhərində ictimai nəqliyyatın hərəkəti koronavirusun (2019-nCoV) yayılmasının qarşısını almaq məqsədilə qeyri-müəyyən müddətə təxirə salınıb.
Çinin Nəqliyyat Nazirliyi Xuanqan, Icou, Cician və Çiencian şəhərlərində ictimai nəqliyyat xidmətləri dayandırılıb. Sakinlərdən ciddi səbəb olmasa şəhərlərini tərk etməmək xahiş olunub.
Çində virusun yayılmasının qarşısını almaq üçün iri şəhərlərdə kütləvi tədbirlər görülüb. O cümlədən Şərq ölkələrinin ay təqvimi ilə yeni il bayramı günlərində nəzərdə tutulan iri şənliklər təxirə salınır. Artıq paytaxt Pekin meriyasının mədəniyyət və turizm bürosu bu barədə açıqlama yayıb.
Qeyd edək ki, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar olunmamış növünə yoluxanların sayı 630-a çatıb. Bu virus səbəbindən ölənlərin sayı isə 17-dir. Çinin materik hissəsi ilə yanaşı, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da bu virusa yoluxma qeydə alınıb.
Çin KİV-ləri Sinqapurda da həmin virusa yoluxma faktı barədə məlumat yayıb. Bildirilir ki, yanvarın 20-də Çinin Quancou şəhərindən ailə üzvləri ilə birgə Sinqapura gələn Uxan sakini bir gündən sonra qızdırma və öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə və analizlər nəticəsində 66 yaşlı kişinin 2019-nCoV-a yoluxması təsdiqlənib. Sinqapurun Səhiyyə Nazirliyi həmin kişinin ailə üzvlərini, habelə təyyarədə ondan 2 sıra öndə və arxada oturan sərnişinlərin müəyyən edilməsi ilə məşğuldur. Həmin şəxslərdən biri də koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bundan başqa, Çindən gələn başqa bir qadın turistin də koronavirusla bağlı ilkin analizləri müsbət çıxıb. Həkimlər dəqiqləşdirmə üçün daha bir analiz keçirəcəklər.
Madriddə 40-cı Beynəlxalq “FITUR-2020” turizm sərgisi açılıb. “FITUR” bütün dünyada turizm sektoru nümayəndələrinin görüşü üçün unikal məkan, kommersiya tipli müqavilə və sazişlər bağlamağa imkan verən gözəl biznes vasitəsidir. Keçən il bu sərgiyə 165 ölkədən 10487 şirkətin nümayəndələri cəlb edilmiş, onlar 886 eksponent nümayiş etdirmişdir.
AZƏRTAC xəbər verir ki, builki sərginin əsas tematik bölmələri bunlardır: “Səyahət və turizm”, “Turizm məhsulları”, “Daxili turizm”, “Ekoturizm”, “Çimərlik istirahəti”, “Ekskursiya turizmi”.
Ölkəmiz bu nüfuzlu tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin və Respublikamızın İspaniya Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə uğurla təmsil olunub. Turizm sərgisinin işində Azərbaycanın “Siso Travel”, “Turizm.az” və “ENC tours.turizm” şirkətləri iştirak edir. Ölkəmiz “Azərbaycan – bir də bax” devizi ilə təmsil olunub. Bu, Avropa və Latın Amerikası ölkələrindən olan turistlərin zəngin tarixə, mədəniyyətə malik olan, bənzərsiz milli mətbəxi və qonaqpərvərliyi ilə seçilən ölkəmiz barədə təsəvvürlərini yeniləşdirməyə imkan verəcək.
Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən stend ingilis və ispan dillərində materiallarla təchiz olunub. Sərgi çərçivəsində İspaniyanın və digər ölkələrin turizm şirkətləri arasında işgüzar görüşlər keçirilir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev AZƏRTAC-a müsahibəsində deyib: “FITUR-2020” Avropanın turizm bazarında mühüm hadisələrdən biridir. Azərbaycan burada əvvəlki illərdə də iştirak edib. Bu sərgi Azərbaycanın Avropa, Latın Amerikası və Şimali Afrika ölkələrində populyarlaşması üçün böyük imkanlar verir. Bizim daha bir mühüm məqsədimiz burada təmsil olunmuş Ermənistan tərəfindən baş verə biləcək provokasiyaların qarşısını almaqdır. FITUR sərgisinin qaydalarına görə, belə halların qarşısını yalnız bilavasitə iştirak yolu ilə almaq olar. Keçən il belə provokasiyanın qarşısını Azərbaycanın İspaniyadakı səfirliyi ilə birlikdə aldıq”.
Azərbaycanın Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, 2019-cu ildə Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayı 11,4 faiz artıb. Avropa ölkələrindən olan turistlərin sayı daha çox artıb. Son illərdə Braziliya, Meksika və Kolumbiyadan Azərbaycana turist axını müşahidə olunur. Hazırda bu sərgidə təmsil olunmuş regionlardan yeni birbaşa reyslərin və loukosterlərin açılması məsələsi gündəlikdədir. Azərbaycan bir sıra beynəlxalq sərgilərin işində iştirak etməklə öz turizm potensialını nümayiş etdirir. Bizim turoperatorlar FITUR sərgisi çərçivəsində xarici həmkarları ilə səmərəli görüşlər keçirirlər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisinə rayonun Qaraçay və Covurlu çayları arasındaki şimal-cənub istiqamətində uzanan yüksək yaylalar daxildir. Eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhər mərkəzinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması üçün vacibdir. Həmçinin mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ümumilikdə 420 hektar ərazini əhatə edən Qoruq 3 tarixi məkandan – Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.
Bu tarixi ərazidə kəşfiyyat xarakterli ilk arxeoloji qazıntılar 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılıb. Arxeoloji tədqiqatlar 1945-1946-cı illərdə arxeoloq Saleh Qazıyev tərəfindən davam etdirilib. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb. 1990-cı ilədək olan dövrdə arxeoloji ekspedisiyanın tərkibində Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar iştirak edib. Qoruq ərazisində arxeoloji qazıntı işləri davam etdirilib.
Direktorun sözlərinə görə, uzun illər sürən fasilədən sonra – 2005-ci ildən etibarən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan mütəxəssislərin birgə fəaliyyəti ilə Qoruq ərazisində arxeoloji qazıntılar yenidən başlayıb. Aşkar edilən arxeoloji tapıntıların üzəri konservasiya olunub. Məlumat lövhələri quraşdırılıb. Qoruq ərazisində müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib.
Prezident İlham Əliyev 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışını edib.
Arxeoloji mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir. Sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsi keçirilib. Hər il buraya respublikanın 20-dək şəhər və rayonundan yüzlərlə məktəbli ekskursiya edir. Mərkəzdə, eyni zamanda, dünya və beynəlxalq əhəmiyyətli toplantılar keçirilir. Bura gələn xarici və yerli turist və qonaqlar qoruq ərazisində aparılmış arxeoloji qazıntı işləri ilə, Qəbələ Arxeoloji Mərkəzində sərgilənən materiallarla yaxından tanış olurlar.
Qoruğun direktoru bildirib ki, dövlətimizin başçısı tərəfindən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar hazırda Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Arxeoloji Mərkəzə könüllülər cəlb edilir. Onlara Azərbaycan, rus və ingilis dillərində nəzəri-praktiki məşğələlər tədris olunur.
Zahir Kərimov deyib: “Azərbaycanın maddi və qeyri-maddi irsinin qorunub saxlanılması, tarixi, dini, mədəni abidələrin bərpası və dünyada tanıdılması üzrə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərin miqyası ölçüyəgəlməzdir. SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası da bu təşəbbüsə öz töhfəsini verir. Bu məqsədilə Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olmuş Qəbələ şəhərində arxeoloji tədqiqatlara dəstəyini əsirgəmir. Qəbələ ilə bağlı elmi araşdırmaların davamı olaraq “Qəbələ etnoqrafik ekspedisiyası”nın fəaliyyətinin nəticəsi olan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu 3 dildə (Azərbaycan, rus, ingilis) nəşr olunaraq oxuculara təqdim olunub”.
Qəbələ rayonunun turizm bölgəsi olduğu əsas götürülərək Qoruq tərəfindən turizm şirkətləri ilə qarşılıqlı fəaliyyət göstərmək istiqamətində əməkdaşlıq əlaqələri qurulur. Bu tarixi əraziyə səfər edən vətəndaşların asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün göl kənarında dincəlmək, balıq ovu, atla, həmçinin faytonla gəzinti təşkil olunub. Müxtəlif idman oyunları, azyaşlı uşaqların əyləncəsi üçün rəsm və rəngləmə dərsləri, mütaliə etmək istəyənlər üçün qapalı və açıq hava şəraitində kitabxana xidməti fəaliyyət göstərib. Dulusçuluq sənətinin qorunub saxlanılması və təbliği ilə əlaqədar gildən müxtəlif fiqur və qablar hazırlanıb. Həmçinin ağac üzərində oyma sənətinin öyrənilməsi üçün imkanlar yaradılıb.
Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirləri Azər Xudiyev və Samat Ordabayev xarkovlu biznesmenlərlə işgüzar münasibətlərin inkişafını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Xarkovun təqribən 70 sənaye müəssisəsinin nümayəndələri iştirak edib. Ticarət -Sənaye Palatasının məlumatına görə, Xarkovun 76 şirkəti Azərbaycana, 67 şirkəti isə Qazaxıstana əmtəə ixrac edir.
Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabr ayında keçirilmiş görüşündə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmini artırmaq barədə razılığa gəliblər. Bunun üçün tikinti, bank sistemi, otel biznesi, smart-texnologiyalar və s. kimi perspektivli sahələr var. Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyətinin Xarkova səfərini təşkil etmək də planlaşdırılır.
Samat Ordabayev bildirib ki, ticari-iqtisadi münasibətləri möhkəmləndirmək üçün Xarkovda Qazaxıstanın fəxri konsulluğunu açmaq nəzərdə tutulur. Səfirin sözlərinə görə, diplomatik fəaliyyəti dövründə o, Ukrayna biznesinin Qazaxıstan bazarlarına, yəni heyvandarlıq, maşınqayırma, IT-texnologiyalar, xidmətlər sahələrinə daxil olmasına kömək edib. Ukrayna və Qazaxıstan yüksək texnologiyalar, kənd təsərrüfatı xammalının emalı, maşınqayırma, məsələn, kənd təsərrüfatı maşınqayırması sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər.
Xarkov Şəhər Şurasının beynəlxalq əməkdaşlıq departamentinin direktorunun müavini Yuliya Zqurskaya qeyd edib ki, dövləti münasibətlər bələdiyyələrarası əməkdaşlığı da möhkəmləndirməyə kömək edir. Xarkov Azərbaycan ilə çoxdan əməkdaşlıq edir, ötən il şəhər Azərbaycanda turizm sərgisində təmsil olunub, Bakının turizm sahəsinin nümayəndələri isə Beynəlxalq Turizm Forumu çərçivəsində Xarkova cavab səfəri ediblər.
Yuliya Zqurskaya deyib: “Bugünkü səfər çox əhəmiyyətlidir, çünki dövlət səviyyəsində əməkdaşlıq üçün perspektiv var. Bu yaxınlarda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub. Hökumətlərarası komissiyanın iclası keçiriləcək. İclasda iqtisadi məsələlər, turizm sahəsi, birgə tədbirlərin keçirilməsi nəzərdən keçiriləcək. Şəhərin vəzifəsi bələdiyyələrarası əlaqələri nizamlamaqdır ki, onlar genişlənərək dövlət səviyyəsində layihələrə çevrilsin. Azərbaycanın və Qazaxıstanın Xarkova marağı ildən-ilə artır və biz bunu alqışlayırıq”.
Yanvarın 24-26-da İsveçrənin Sankt Moritz şəhərində ənənəvi qar polosu üzrə dünya kuboku turniri keçiriləcək.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildiriblər ki, 36-cı dəfə təşkil olunacaq turnirdə dünyanın ən güclü polo komandaları mübarizə aparacaqlar. Heydər Əliyev Fondunun xüsusi dəstəyi, ARAF-ın təşkilatçılığı ilə turnirdə ölkəmizi hər il olduğu kimi bu il də “Land of Fire” komandası təmsil edəcək.
İsveçrənin ən məşhur qış kurortlarından olan Sankt Moritz şəhərində ənənəvi keçirilən dünya kuboku turniri mədəniyyətimizin, qədim tariximizin, müasir inkişafımızın və milli atçılıq ənənələrimizin təbliği, ölkəmizin turizm potensialının tanıdılması üçün də gözəl imkandır.
Xatırladaq ki, 2015-ci ildə arena polo üzrə birinci Avropa çempionatı, və 2013-cü, 2014-cü və 2016-cı illərdə arena polo üzrə dünya kuboku turnirləri Bakıda keçirilib. Azərbaycan milli komandası Avropa çempionatında qızıl medala layiq görülüb. Bundan əlavə, 2018-ci ildə İtaliyanın Siena şəhərində keçirilmiş polo üzrə Avropa çempionatında finala yüksələn Azərbaycan milli komandası ikinci yeri tutub. Eyni zamanda, 2020-ci ildə Beynəlxalq Polo Federasiyası tərəfindən keçiriləcək növbəti Avropa çempionatı Bakıda təşkil olunacaq.
Ötən il qar polosu üzrə dünya kuboku turnirində üç oyundan ikisində “Land of Fire” komandası qalib gəlib. Builki yarışda qalibi olmaq üçün mübarizə aparmaq əzmindədir. Üç gün davam edəcək turnirdə “Land of Fire” komandası ilə yanaşı, “Mazerati”, “Badrutt’s Palace Hotel” və “Grisogono” komandaları da mübarizə aparacaqlar.
Turnirdən əvvəl – yanvarın 23-də ilkin olaraq komandalar test oyunu keçirəcəklər. Sonra isə komandaların, poloçuların və sponsorların təqdimatı olacaq. Turnirin yanvarın 24-də Bakı vaxtı ilə saat 15:00-da başlayacaq birinci oyununda təmsilçimiz “Land of Fire” və “Badrutt’s Palace Hotel” komandaları qarşılaşacaqlar. Günün ikinci oyununda “Grisogono” və “Mazerati” komandaları üz-üzə gələcəklər. Yanvarın 25-də komandamızın “Grisogono” komandası ilə görüşü nəzərdə tutulub. Turnirin sonuncu günündə üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək. Final oyunundan sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq.
Yanvarın 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti “FITUR” beynəlxalq turizm sərgisində iştirak edir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, İspaniyanın paytaxtı Madrid şəhərində təşkil olunan sərgi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının rəsmiləri, həmçinin dövlət nümayəndələri və şirkət rəhbərləri arasında görüşlər keçirilir.
Görüşlər zamanı turizm sahəsinin inkişafına dair ikitərəfli müzakirələr aparılır.
Yanvarın 26-dək davam edəcək sərgidə turizm şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycanın turizm imkanları barəsində təqdimatlar edilir. B2B (Biznesdən-biznesə) formatlı görüşlər təşkil olunur.
Qeyd edək ki, 2019-cu ildə “FITUR” sərgisində 165 ölkədən 10 mindən çox şirkət iştirak edib və sərgi 142 mindən çox ziyarətçi qəbul edib. Bu il təşkil olunan sərgi sayca 40-cıdır.
Azərbaycanın Küveytdəki səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Səfir Elxan Qəhrəman mərasimdə iştirak edən Küveytin kütləvi informasiya vasitələrinə müsahibə verib. Müsahibədə 1990-cı ildə keçmiş sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş Qanlı Yanvar hadisələri barədə məlumat verilib. Eləcə də Azərbaycan və Küveyt arasında ikitərəfli əlaqələrdən danışılıb.
Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” və “Əl-Ray” və ingilis dilində nəşr edilən “Arab Times” qəzetlərinin 22 yanvar tarixli buraxılışlarında keçmiş Sovet İttifaqı qoşunları tərəfindən 1990-cı ilin 20 yanvar tarixində Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətdən söhbət açılan, habelə Küveyt iş adamlarının Azərbaycanda sərmayə yatırımı imkanlarından bəhs edilən məqalələr dərc olunub. E.Qəhrəman yerli KİV-lərə müsahibəsində iki ölkə arasında Hökumətlərarası Müştərək Komissiyanın indiyədək iki iclasının keçirildiyini diqqətə çatdırıb. Üçüncü iclasının ötən ildə təşkil edilməsi planlaşdırılsa da, Küveyt Nazirlər Kabinetinin dəyişməsi səbəbindən təxirə salındığını qeyd edib. Səfir cari ildə komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb və bu məqsədlə Küveytin yeni Xarici İşlər Nazirliyi ilə danışıqların aparıldığını diqqətə çatdırıb. O, iki ölkə arasına hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Küveyt və Azərbaycan arasında turizm sahəsində əlaqələrə toxunan E.Qəhrəman bu sahədə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və qeyd edib ki, hazırda həftədə 7 birbaşa uçuş həyata keçirilir. Onun sözlərinə görə, 2019-cu il ərzində 35 min küveytli turist ölkəmizə səfər edib. Səfir hazırda Azərbaycanın küveytlilər və Küveytdə yaşayan digər ölkə vətəndaşları üçün mühüm turizm bölgəsinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi təqribən 3 milyon dollar təşkil edir.
İspaniyada “Qloriya” fırtınası nəticəsində səkkiz adam həlak olub, dörd nəfər itkin düşüb. Ölkə hökuməti yaxın bir neçə saatda onların sayının artacağından ehtiyat edir.
AZƏRTAC xəbər verir ki, dördüncü gündür İspaniyada tüğyan edən “Qloriya” fırtınası Aralıq dənizi sahillərinə güclü külək, leysan, habelə ölkənin bəzi rayonlarına qar gətirib. Sahildəki onlarca çimərliyi su yuyub aparıb. Kataloniyada dəniz del Ebro deltasındakı çəltik əkinlərini suya qərq edib. Bir neçə bələdiyyə “fəlakət zonası” elan etməyi planlaşdırır. Regiona ciddi iqtisadi ziyan dəyib. Kataloniyanın 100-dən çox bələdiyyəsində fırtına nəticəsində 30 minədək sakin işıqsız qalıb.
Valensiya hökuməti yanvarın 24-də fırtınanın ciddi ziyan vurduğu turizm istiqamətlərinə və daxili regionlara yardım haqqında çərçivə fərmanını təsdiq edəcək.
Araqonda təqribən 200 min sakin elektrik xətlərinin sıradan çıxması səbəbindən işıqsız qalıb. Əlverişsiz hava bölgə ərazisinin böyük hissəsini cənginə alıb.
Yanvarın 23-də Dövlət Miqrasiya Xidmətində (DMX) yeni yaradılmış www.migrationto.az saytının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak ediblər.
DMX-nin beynəlxalq əməkdaşlıq idarəsinin inspektoru Sevinc Məstiyeva bildirib ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə birgə həyata keçirilən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın icrasına dəstək” (MOBİLAZE) layihəsi çərçivəsində hazırlanmış migrationto.az veb-saytı respublikamıza səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlandırılması, eləcə də Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyır. Hazırda üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytın dil imkanlarının gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır.
Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov yeni saytın mahiyyəti barədə məlumat verib. Bildirib ki, geniş spektrli səhifədən nəinki əcnəbilər, xarici ölkələrin Azərbaycandakı nümayəndəlikləri də yararlana biləcəklər.
Tədbirin sonunda Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi və qanunvericiliyə edilmiş son dəyişikliklərlə bağlı məlumat verilib.