Görüşdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Xarici İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi Gürsel İsmayılzadə də iştirak ediblər.
Azərbaycanla Rusiya arasında turizm əlaqələri genişləndirilir
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Moskvada keçirilən X Rusiya – Azərbaycan Regionlararası Forumunda iştirak edib.
Forum çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan ikitərəfli saziş imzalayıb.
Tədbir zamanı assosiasiya ilə Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair razılıq əldə olunub.
Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsi, partnyorluq əlaqələrinin qurulmasından danışılıb. Uzunmüddətli, effektiv və qarşılıqlı əlaqələr genişləndirilib. Rusiyanın Turizm Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) Ümumrusiya İctimai Təşkilatı ilə əməkdaşlığa dair saziş imzalanıb.
Rusiyanın “REN TV” kanalı Naftalandan reportaj hazırlayır
Rusiya Federasiyasının “REN TV” kanalının nümayəndələri Naftalan şəhərində çəkiliş aparıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırlanan reportajda Naftalan şəhərinin turizm potensialından bəhs olunacaq.
Naftalanda fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərində çəkiliş aparan televiziya əməkdaşları otellərin fəaliyyəti və burada Naftalan nefti ilə müalicə prosedurları barədə ətraflı məlumat alıblar.
Qonaqlara bildirilib ki, dünyada kurort şəhəri kimi tanınan Naftalanın inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır.
Məlumat verilib ki, qeyri-neft sektorunun əsas sahələrindən olan turizmin, xüsusən də müalicə turizminin inkişafı istiqamətində son illərdə böyük nailiyyətlər əldə edən və Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalana həm müalicə, həm də istirahət üçün gələn turistlərin sayı ilbəil artır. 2019-cu ilin 10 ayı ərzində Naftalana gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə 2-3 dəfə artaraq 35 min nəfərə çatıb. Onlardan da 10453 nəfəri xarici ölkələrdən gələnlərdir.
Daha sonra “REN TV” kanalının nümayəndələri Naftalanda yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində fəaliyyət göstərən “Əsa muzeyi”nə baş çəkiblər.
Məlumat verilib ki, burada aparılan intensiv müalicələrlə sağlamlıqlarına qovuşan insanlar Naftalandan gedəndə vaxtilə yeriyə bilmədikləri üçün özləri ilə gətirdikləri əsaları, çəlikləri yadigar olaraq burada qoyublar. Vətənlərinə döndükdən sonra isə bu şəhərə olan sevgilərini, ən gözəl hisslərini Naftalana ünvanladıqları təşəkkür məktublarında qeyd ediblər. Beləcə, illərlə yığılan çoxsaylı qoltuq ağacları, fotoşəkillər və təşəkkür ifadələri ilə dolu məktublar bu unikal muzeyin yaranmasına səbəb olub.
Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda ənənəvi xeyriyyə bazarında iştirak edib
Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası (QA) tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.

Xarici dövlətlərin Pakistandakı səfirliklərinin, eyni zamanda, yerli şirkətlərin iştirak etdiyi bazarda ölkələrin milli-mədəni dəyərləri, mətbəxi, adət-ənənələri, iqtisadiyyatı, tarixi, mədəniyyəti, turizm potensialı nümayiş olunub.
Tədbirin açılışında çıxış edən Pakistanın birinci xanımı Samina Alvi xeyriyyə bazarında ehtiyacı olan insanlara maliyyə yardımı toplamaqla yanaşı, müşahidə edilən müxtəlifliyin iştirakçı ölkələr arasında harmoniya yaratdığını qeyd edib. “Başqalarının qayğısına qalmaq bizi daha yaxşı və qayğıkeş insan edir” deyən xanım S.Alvi bu nəcib iş üçün diplomatik korpusun birgə səylərini yüksək qiymətləndirib. O həmçinin QA-nın Pakistanda yoxsullara dəstək naminə həyata keçirdiyi xeyriyyə aksiyalarını təqdir edib.

Pakistanın Xarici İşlər üzrə katibi Soheyl Mahmud diplomatların öz ailələri ilə birgə belə xeyriyyə tədbirləri keçirdiklərinin ürəkaçan olduğunu bildirib.
Pakistan Xarici İşlər nazirinin xanımı Mehrin Qureyşi, QA-nın prezidenti xanım Maviş Soheyl çıxışlarında təşkilatın 72 illik tarixi olduğunu bildiriblər. Bu illərdə Pakistan diplomatik xidmət orqanlarının imkansız ailələrə yardım etdiyini, bu məqsədlə müxtəlif tədbirlər keçirdiyini, builki bazarın “Fərqlilik yarat” (Make a difference) devizi altında təşkil olunduğunu, belə tədbirlərin xeyriyyə ilə yanaşı mədəni müxtəlifliyin təbliğinə xidmət etdiyini diqqətə çatdırıblar.

Səfirliyimizdə çalışan diplomatların övladları milli geyimdə “Ölkələr paradı”nda Azərbaycan bayrağını səhnəyə gətirib və dalğalandırıblar. Təşkil olunan mədəni proqramda Azərbaycan xalq mahnısının sədaları altında uşaqların rəqsi tamaşaçılara təqdim olunub. Tədbirə qatılanlar Azərbaycan səfirliyinin pavilyonuna böyük maraq göstərib və milli musiqimiz alqışlarla qarşılanıb.
Azərbaycan səfirliyinin pavilyonunda milli yeməklərimiz, şirniyyatlarımız, o cümlədən milli çay dəstgahı iştirakçılara təqdim olunub. Milli geyimlərimiz, həmçinin tariximizi və mədəniyyətimizi təcəssüm etdirən suvenirlər nümayiş olunub. İçərişəhəri, Möminə Xatun türbəsini, Qız Qalasını, eləcə də görkəmli şəxsiyyətlərimizi, milli musiqi alətlərini, aşıq sənətini və digər mədəniyyət nümunələrimizi əks etdirən maketlər də maraqla qarşılanıb.

Xeyriyyə bazarında Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, jurnallar, fotoşəkillər nümayiş etdirilib.
Samina Alvi və digər rəsmi qonaqlar zəngin pavilyonlardan olan Azərbaycan guşəsini ziyarət edib, milli yeməklərimizin və şirniyyatların dadına baxıblar.
Xeyriyyə bazarında Azərbaycan səfirliyinin pavilyonundan əldə olunan vəsait QA-nın fonduna köçürülüb.
Basqalda kəlağayı sənətinin inkişafı ilə bağlı müzakirələr aparılıb
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə sərgi keçirilib. “Basqal kəlağayısı” sərgisi qoruğun sərgi zalında təşkil olunub. Kəlağayı sənətkarları ilə dəyirmi masa keçirilib. Bu tədbirlər Azərbaycan kəlağayısının “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına salınmasının beş illiyinə həsr edilib.

Tədbirə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, italiyalı sənətşünas Giulio Vinaccia, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Mustafayev, sənətşünas alimlər, professor Kübra Əliyeva, professor Rəna İbrahimbəyova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, epiqrafçı alim Həbibə Əliyeva, “Kəlağayı” İpək Mərkəzinin rəhbəri Cəlil Tarverdiyev, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçiləri, “Basqal”, “Lahıc” və “Kiş” Dövlət Tarix-Mədəniyyət Qoruqlarının əməkdaşları, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri, Basqallı kəlağayı sənətkarları qatılıblar.

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli dəyirmi masada çıxış edib. Tədbirin əhəmiyyətindən danışıb. Dövlət Turizm Agentliyi tərəfindən kəlağayı sənətkarlığı ilə bağlı layihə və proqramların hazırlandığını diqqətə çatdırıb. F.Xəlilli hər il noyabr ayında kəlağayı gününün keçirilməsinə sevindiyini qeyd edib. Bu günün “Kəlağayı festivalı” səviyyəsinə çatdırılacağına ümid etdiyini söyləyib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev kəlağayı sənətkarlığı üçün lazım olan xam malın – ipəyin istehsalı və baramaçılığın inkişafı üçün bölgədə lazımi şəraitin yaradıldığını qeyd edib. O, rayonda yeni tut bağlarının salındığını, barama istehsalının ilbəil artdığını, 6 min tona çatdığını vurğulayıb.
