Ev Blog Səhifə 166

Yaponiyanın TBS-BS telekanalı ölkəmizin turizm potensialı barədə veriliş yayımlayıb

0
TBS-BS telekanalı

Yaponiyanın TBS-BS telekanalı tərəfindən Azərbaycan haqqında hazırlanmış veriliş yapon tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

TBS-BS telekanalının “Dünya səyahətləri” verilişinin çəkiliş qrupunun Azərbaycana səfəri GUAM təşkilatının, Azərbaycanın Yaponiyadakı səfirliyinin və Azərbaycan Turizm Agentliyinin təşəbbüsü ilə təşkil olunub.

Qeyd edək ki, TBS-BS telekanalının “Dünya səyahətləri” verilişi Yaponiyanın turizm barədə proqramları arasında ən yüksək reytinqi ilə seçilir. Verilişin aparıcıları Hitoşi Kusano və Barbi Hiqa turizm haqqında verilişlərin ən yaxşı aparıcıları siyahısında xüsusi yer tuturlar.

Verilişdə Azərbaycan, onun coğrafi mövqeyi, turizm potensialı, görməli yerləri haqqında yapon tamaşaçılara geniş məlumat verilib. Bakı, paytaxtımızın görməli yerləri, o cümlədən İçərişəhər, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, “Alov qüllələri” və digər tarixi və müasir tikililər nümayiş etdirilib. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, nadir arxitekturası barədə məlumatlar tamaşaçıların diqqətinə çatdırılıb.

Həmçinin verilişdə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Naftalan Sağlamlıq Mərkəzi və Şəki Xan Sarayı haqqında da geniş məlumatlar verilib. Həmin ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus qədim abidələrdən danışılıb. Naftalan Sağlamlıq Mərkəzinin nadir müalicə ocaqlarından biri olduğu qeyd edilib, buraya xarici ölkələrdən çoxsaylı qonaqların gəldiyi vurğulanıb. Nadir təbiəti ilə seçilən Azərbaycanda mövcud olan “Yanar dağ” kompleksi, palçıq vulkanları, “Atəşgah” məbədi barədə də ətraflı məlumat verilib. Şəki Xan Sarayının gözəlliyi xüsusi qeyd edilib, ənənəvi şəkildə təşkil edilən “İpək yolu” beynəlxalq festivalından danışılıb.

Verilişdə Azərbaycan mətbəxinə də böyük diqqət yetirilib, milli yeməklərimiz haqqında dolğun məlumatlar yer alıb. Azərbaycan istehsalı olan qara kürünün bütün dünyada yaxşı tanındığı bildirilib. Verilişin aparıcıları həmin yeməklərin hazırlanmasında şəxsən iştirak etmələri barədə danışaraq, zəngin Azərbaycan mətbəxinin məxsusi tamı ilə seçildiyini xüsusi qeyd ediblər.

Azərbaycan barədə təqdim edilən məlumatlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanın Yaponiyadakı səfirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, həmin verilişin yayımından sonra ölkəmizə turist səfəri üçün vizaların alınması ilə əlaqədar müraciətlərin sayı kəskin artıb.

Azərbaycanlılar Rusiyaya gedən turistlərin reytinqində ilk beşlikdə

0
Moskva

“TurStat” turizm portalı 2019-cu ilin ilk altı ayı ərzində Rusiyaya turizm məqsədilə ən çox gələn ölkələrin reytinqini təqdim edib.

Reytinqə əsasən, 2019-cu ilin ilk yarımilliyində Rusiyaya turizm səfərlərinə görə 418 min səfərlə Azərbaycan beşinci yerdədir.

Azərbaycandan Rusiyaya səfərlərin sayı keçən illə müqayisədə 22 min və ya 6 faiz artıb.

Rusiyaya turist səfərlərinin sayı üzrə ilk onluğa daxildirlər: Ukrayna3 milyon 424 min səfər (keçən illə müqayisədə – 8 faiz), Qazaxıstan – 1 milyon 569 min (+2 faiz), Çin – 780 min (+17 faiz), Finlandiya – 430 min (-7 faiz), Azərbaycan – 418 min (+6 faiz), Polşa – 323 min (-7 faiz), Almaniya – 270 min (+3 faiz), Ermənistan – 260 min (0 faiz), Moldaviya – 189 min (-17 faiz) və Estoniya – 232 min (+9 faiz).

Reytinq əcnəbilərin Rusiyaya turist səfərlərinin statistikasının analizi əsasında tərtib edilib.

Lahıcda arxeoloji kəşfiyyat işlərinə başlanıldı

0
Lahıc

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji kəşfiyyat işlərinə başlanılıb.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası arasında Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi-tədqiqat işlərinə və kəşfiyyat qazıntılarının aparılması, orta əsr Azərbaycan şəhərsalma mədəniyyətinin izlərini günümüzə qədər daşıyan Lahıc qəsəbəsində qədim kürəbəndin, yəni şəhər mədəniyyətinin göstəricisi olan kanalizasiya şəbəkəsinin daha dərindən öyrənilməsi işlərinə başlanılması barədə razılıq əldə edilib.

İnstitutdan verilən məlumata görə, ilkin arxeoloji kəşfiyyat işləri – gələcəkdə burada aparılacaq geniş arxeoloji tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsini, tapılan maddi-mədəni irs nümunələrinin tədqiqini, turizm sahəsinin inkişafını və bu qədim Azərbaycan şəhərinin mədəni irsinin təbliğini nəzərdə tutur.

Ekspedisiyasının rəisi Akif Quliyevin rəhbərliyi ilə başlanan və 4 m2 (2×2) ərazini əhatə edən birinci kəşfiyyat qazıntısı, Lahıcın yuxarı hissəsində yerləşən Ağolu məhəlləsində, Ağolu məscidinin (hazırda Lahıc Tarix və Diyarşünaslıq müzeyi) yaxınlığında aparılıb. Qazıntı sahəsinin üst qatında son orta əsrlər dövrünə aid az sayda saxsı fraqmentlərinə rast gəlinib, mədəni təbəqənin dərinliyinin 0,40-0,45 m təşkil etdiyi üzə çıxarılıb.

8 m2 (2×4) ərazini əhatə edən ikinci kəşfiyyat qazıntısı Bazar küçəsinin girişində, gələcəkdə inşası planlaşdırılan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasının ərazisində aparılıb.

Vaxtı ilə bu ərazidə yaşayış və yardımçı binalar mövcud olub, amma təsərrüfat işləri nəticəsində sonradan bu ərazidə mədəni təbəqə qarışıb. Qazıntı sahəsinin üst qatında Orta əsrlərə aid şirli və şirsiz saxsı fraqmentlərinə və dəmirdən hazırlanmış əşyalara rast gəlinib.

Təsərrüfat işləri nəticəsində ərazinin üst qatı cənub-şərq hissədə dağılsa da, mədəni təbəqə şimal-qərb hissədə qismən toxunulmaz vəziyyətdə qalıb. Qazıntı zamanı kəşfiyyat qazıntı yerinin qərb hissəsində, kəsiyə paralel, uzunluğu 2,2 m olan qaya daşlarından hörülmüş tikili aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri, arxeoloq Fuad Hüseynov və memar Məhəmməd Nurməmmədovun da yaxından iştirakı ilə tədqiqatlar zamanı qazıntı sahəsinin mərkəzində, 0,5 m dərinlikdən qədim kanalizasiya xətti, yəni qədim kürəbənd şəbəkəsinin izləri aşkar edilib.

Bu xəttin eni 0,2 m təşkil edir. Kiçik ölçülü bu xətt, cənub istiqamətində uzanaraq, əsas kürəbənd xəttinə birləşir. Kürəbənd xətti, hər tərəfi eyni ölçüdə olan, yastı qaya daşlarından hazırlanıb. Xəttin üzəri çirkab suyun və pis qoxunun yer səthinə çıxmasının qarşısının alınması üçün döşəmə daşları ilə kip örtülüb. 

Qeyd edək ki, 2013-ci il iyul ayında Ərəgid ərazisində Sahil məhəlləsində ev tikintisi zamanı 7 daş qutu qəbir aşkar edilib. O vaxt əraziyə ezam edilmiş arxeoloq Akif Quliyevin apardığı araşdırmalar nəticəsində bu qəbirlərin ilk orta əsrlər (IV-VII əsrlər) dövrünə aid olduğu aydınlaşıb.

Digər maraqlı tapıntılar Lahıc orta məktəbinin ərazisində aparılan tikinti işləri zamanı aşkara çıxarılıb. Buradan son antik dövrə aid qəbirlər tapılıb. Təqribən 0,5 ha ərazini nekropol əhatə edib. 1,5-2,5 m dərinlikdən dəmirdən hazırlanmış nizə və ox ucluqları, qılınc və xəncər qalıqları, əmək alətləri, muncuqlar aşkar edilib. 

Növbəti kəşfiyyat işlərinin Ərəgid məzarlığı, Köhnə Dülüz məhəlləsi, orta məktəbin yaxınlığında aparılması nəzərdə tutulur.


YENİ İLİ DUBAYDA QARŞILAYIN?? – Go Travel

0
Dubay turu

✅ DUBAY OTELLƏRİNİN TUR PAKET QİYMƏTLƏRİNİ TƏQDİM EDİRİK..
____________________
? NOYABR, DEKABR, YANVAR aylarına olan DUBAY turlarının səhər yeməyi daxil 4 gecə 5 gün qiymətlərini təqdim edirik.

?CALIFORNIA HOTEL 3* – 375 USD
?AL WALEED PALACE HOTEL 4* – 405 USD
?CITYMAX HOTEL BUR DUBAI 3* – 415 USD
?DELMON BOUTIQUE HOTEL 3* – 420 USD 
?DELMON PALACE HOTEL 3* – 420 USD
?REGAL PLAZA HOTEL 3* – 420 USD
?SAMAYA HOTEL 4* – 425 USD
?LANDMARK HOTEL BANIYAS 3* – 425 USD
?CITYMAX HOTEL AT THE MALL 3* – 430 USD
?FORTUNE GRAND HOTEL 4* – 435 USD
?HUES BOUTIQUE HOTEL 4* – 435 USD
?GRANDEUR HOTEL 4* – 435 USD
?COPTHORNE HOTEL DUBAI 4* – 440 USD
?NEW BLACK STONE HOTEL 4* – 450 USD
?LANDMARK SUMMIT HOTEL 4* – 455 USD
?CAPITOL HOTEL 4* – 460 USD
?RIVIERA HOTEL 4* – 465 USD
?ASCOT HOTEL DUBAI 4* – 480 USD
?GRAND EXCELSIOR HOTEL DEIRA 4* – 510 USD
?FORM HOTEL DUBAI 4* – 510 USD
?MARINA VIEW HOTEL 4* – 530 USD
?BYBLOS HOTEL TECOM 4* – 535 USD
?ROYAL ASCOT HOTEL 4* – 540 USD
?METROPOLITAN HOTEL DUBAI 4* – 570 USD
?AL SEEF HOTEL BY JUMEIRAH 4* – 580 USD
?ALOFT THE PALM JUMEIRAH 4* – 610 USD
?NOVOTEL HEALTHCARE CITY 4* – 615 USD
?MILLENNIUM PLAZA HOTEL 5* – 630 USD
?DUKES THE PALM, A ROYAL HIDEAWAY 5* – 710 USD
?SOFITEL THE PALM 5* – 895 USD
?THE H HOTEL DUBAI 5* – 910 USD
?TAJ DUBAI 5* – 940 USD
?ADDRESS MONTGOMERIE 5* – 1070 USD

Qiymətə daxildir.
✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (4 gecə / 5 gün)
? – Qidalanma (səhər yeməyi)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)

ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅ – Fərqli tarixlər üzrə turlar mümkündür. Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə ödəyə bilərsiniz.
___________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp + Zəng)
?+994 55 664 60 30 (WhatsApp + Zəng)
?+994 70 664 60 30 (WhatsApp + Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı

Yeddi etnosun “yeddi möcüzəsi”… – FOTO

0
etnos

Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, XınalıqYergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say etibarı ilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi iqamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır.

Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnib.

Quba rayonu Bakıdan 168 km məsafədə yerləşir. Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşir. Əlik kəndi Ağçayın sağ sahilində, Yan silsiləsinin cənub qərb ətəyindədir. Azərbaycanın Şahdağ qrupundan olan xalqın məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Əliklilər Azərbaycanın milli etnik nümayəndələri olmaqla ana dili əlik dilidir. Əlik kəndi dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində “kənd, aul, ulus” mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud “hündürlük, yüksəklik, zirvə” mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində “dağlarda çuxur, çökək” mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib. Sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub, 10-dan çox evdə qəzalı vəziyyət yaranıb.

Həmçinin, Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası da yararsız hala düşüb. Kəndin yuxarı hissəsindəki təpəlikdə baş verən sürüşmə çay tərəfə irəliləməyə başlayıb. Həmin ərazidə 2010-cu ildə də sürüşmə hadisəsi baş vermişdi.

XIX yüzillikdə Əlikdə yun şal istehsalı çox geniş yayılmışdı. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.

Haputlular da əliklər kimi Şahdağ qrupuna daxil olub özünəməxsus dilə malikdir. Haputlar özlərinə hərər deyirlər. Dağların əhatəsində yerləşən bu kənd dəniz səviyyəsindən təxminən 2000 metrə yaxın yüksəklikdə yerləşir. Xınalıqdan sonra Şahdağ qrupuna daxil olan ikinci ən çox saylı xalqdır. Kənddə 200-ə qədər ev var. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü “tələsik, vaxtından tez” mənalarında işlənir. Qış vaxtı kənd sakinlərinin bir qismi kəndi tərk edir və qışlağa gedir. Əsas təsərrüfatı maldarlıqdır. Haput kəndi ilə üzbəüz Tayduz dağ yaylağı, bir qədər sağa tərəf Çiye yaylağı, onun üst tərəfində Qarabulaq yaylağı, Təntə yaylağı, İsmayıllı istiqamətində isə Pətən yaylağı, Qəbristanlıq yaylağı, kəndin yuxarısına doğru isə Gurbulağ yaylağı yerləşir. Kəndin ərazisindən Tayduz yaylağından sağa doğru Aslan və Qaplan dağları görünür. Bundan savayı kəndin qərbində 3323 metr hündürlüyə malik yerli sakinlərin kəndin yuxarısındakı pirlə üzbəüz Şıxməmməd baba adlandırdıqları dağ yerləşir. Bu dağ da Haputluların Qiblə dağıdır. Bundan savayı kəndin ərazisində Babadilim türbəsi və Qızdırma piri, qədimi qəbristanlıq yerləşir.

Dağlıq zona, təmiz ekoloji mühit və mehriban simalar hər iki kəndə turist axınında şərait yaradır. Kənd sakinləri qonaqları öz şəxsi evlərində yerləşdirməklə onların həm yerli adətləri, həm də mətbəxləri ilə yaxından tanış olmalarına şərait yaradırlar. Hər il Bakı şəhərindən çoxsaylı insan yay tətili üçün bu gözəl kəndlərə üz tutur. Heç şübhəsiz ki, Quba rayonu ərazisində yaradılan Destinasiya Menecmenti Təşkilatı bu ərazidə turizmin inkişafına öz töhvələrini vermis olacaq.

Yazı “Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda mədəni müxtəliflik dəyərləri və onun turizmin inkişafında rolunun təbliği (Şahdağ milli etnik qrupu)” layihəsi çərçivəsində hazırlanıb.

AZAL Çinə çarter reyslərinin həyata keçirilməsinə dair üçillik razılaşma imzalayıb

0
Azal

AZAL Çinə çarter reyslərinin həyata keçirilməsinə dair üçillik razılaşma imzalayıb.

Bu barədə “Report”a “Azərbaycan Hava Yolları”ından (AZAL) bildirilib.

Məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı və Çinin aparıcı turizm şirkəti “HCG International Travel Group” bu gün Bakı-Pekin-Bakı marşrutu üzrə çarter sərnişin reyslərinin yerinə yetirilməsinə dair üçillik müqavilə imzalayıb.

Sənəd AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə və “HCG International Travel Group”un direktoru He Yong tərəfindən imzalanıb.

AZAL və “HCG International Travel Group” şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq bu ilin mart ayından etibarən həyata keçirilən uğurlu əməkdaşlığın nəticəsində əldə edilib.

Tərəflər həmçinin 2020-ci ildə Azərbaycandan Çinə yeni istiqamətlərin açılmasını müzakirə ediblər.

Aparıcı turizm agentliyi olan “HCG International Travel Group” Çinə müntəzəm uçuşlarımızın yerinə yetirilməsində özünü etibarlı tərəfdaş kimi sübut edib. Bu uçuşa daimi tələbatın olması Azərbaycanın artan turizm potensialını, habelə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun rahat tranzit yolu olmasını vurğulayır”, – deyə Cəmil Mənizadə qeyd edib.

HCG International Travel Group”ın rəhbəri He Yong öz növbəsində vurğulayıb ki: “Çox şadıq ki, Azərbaycanın milli aviadaşıyıcısı ilə şirkətimiz arasında belə bir strateji saziş bağlamağa nail olduq. AZAL həmişə yüksək səviyyəli xidməti ilə fərqlənib, paytaxtın hava limanı isə Avropa ilə Asiya arasında rahat əlaqələr planlaşdırmağa imkan yaradır”.

Hazırda yay cədvəli çərçivəsində Bakı ilə Pekin arasında uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetirilir. Oktyabrın 27-dən qış cədvəlinin qüvvəyə minməsi ilə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar rahat, geniş füzelyajlı “Boeing 767-300ER“ təyyarələri vasitəsilə yerinə yetirilir.

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi nə vəd edir?

0
viza

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq ir sıra ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir. Çox təəssüf ki, viza rejimi ilə bağlı uzun müddətdən bəri Azərbaycanla qardaş Türkiyə arasında qeyri-müəyyənlək hökm sürürdü. Nəhayət sentyabrın 1-dən etibarən Azərbaycana səfər edəcək Türkiyə vətəndaşları üçün viza rejimi ləğv edilib. Statistik məlumata görə, Türkiyədən Azərbaycana gələn turist sayında azalma müşahidə edilib. Mütəxəssislərin ümumi qənaəti ondan ibarətdir ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminın ləğvi bu ölkədən gələn turistlərin sayında artıma səbəb ola bilər. Məlumat üçün qeyd edək ki, diplomatik, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları Azərbaycana vizasız gedə və hər gedişdə 90 gün qala bilərlər. 01 sentyabr 2019-cu il tarixdən etibarən isə Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşlara viza tələbi ləvğ edilir. Maraqlıdır, iki ölkə arasında viza rejiminin ləğvi nə vəd edir? YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Azərbaycana səfər edəcək Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi mühüm siyasi və iqtisadi hadisə hesab edilməklə iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəyə çatmasında daha mühüm addım hesab oluna bilər. Viza rejimi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi hər iki tərəfin cəsarətli və nümunəvi diplomatik uğurlarının yeni səhifəsidir: “Viza rejiminin ləğvi qarşılıqlı səfərlərin dinamikasında xüsusi tablo acacaq, siyasi və iqtisadi həyata stimul gətirəcək. Belə ki, bu qərar iki ölkə arasında siyasi münasibətlərin inkişafında yeni mərhələ açacaq, hərtərəfli əlaqələrin dinamikasını artıracaq. Yeni viza rejiminin tətbiqi iqtisadi, siyasi, sosial, mədəni, humanitar əlaqələrin inkişafını sürətləndirməklə bütün sahələrə yeni nəfəs verəcək”. Onun sözlərinə görə, viza rejimini aradan qaldırması hər iki tərəf üçün bir sıra üstünlüklər vəd edir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli hərəkətinə təkan verir və bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir. Viza rejiminin ləğvi kiçik biznes və ticarətlə məşğul olan, daha doğrusu Azərbaycan qısa müddətə mal gətirən Türkiyəli kiçik sahibkarların işini də asanlaşdıracaq. Bu, iki ölkə arasında ticarət dövriyyəsinin müəyyən həcmdə artmasına da müsbət təsir göstərəcəck. Qeyd edək ki, 2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin həcmi 35% artıb. Azərbaycanın Türkiyəyə ixracı 2 dəfəyə yaxın artıb. Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci yerdə qərarlaşıb. Yaxın illərdə hər iki ölkə arasında sərmayə qoyuluşlarının dinamikası da artacaq. 2020ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 milyarda dollara çatacağı gözlənilir. Türkiyə şirkətlərinin Azərbaycan iqtisdiyyatına yatırımları 14 milyard dolları keçib, yaxın 5 ildə bu rəqəm 25 milyarda çatacaq. Bütün bu addımlar, o cümlədən, sadələşdirilimiş visa rejimi iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək verəcək: “Vizasız rejim turisttlərin sərbəst gəliş-gedişini təmin edəcək, iki ölkə arasında turizmin inkişafında mühüm rol oynayacaq. 2019-cu ilin 6 ayının yekunlarına görə, Azərbaycana səfər edən turistlərin sayının 12-13 %-ni Türkiyə vətəndaşları təşkil edir. Yəni il ərzində Azərbaycana gələn 2 milyon turistin təxminən 250 min nəfəri Türkiyə vətəndaşlarıdır. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür. O zaman turistlər istər Azərbaycanda, istərsə də Türkiyədə rahatlıqla istirahət edə biləcəklər. Onsuz da səyahət üçün başqa ölkələrə gedən turistlər ən çoxu iki həftə müddətində həmin ölkədə qalırlar. Bu baxımdan vizanın Türkiyə vətəndaşları üçün ləğv edilməsi bu ölkədən Azərbaycana gələn turistlərin sayını artıracaq. Bundan sonra faktiki olaraq türkiyəli turistlərin sayı daha da artacaq, onların sayı təxminən 320-350 min nəfərə çatacaq. Maneəsiz viza rejimi sosial müdafiə və səhiyyə, humanitar əməkdaşlıq sahələrində də mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hazırda Türkiyədən gələn həkimlər arasında turist vizası ilə gəlib burada işləyənlər var. Onlar müəyyən olunmuş müddətdən artıq Azərbaycanda qala bilmirlər. Bu bəzən nəzərdə tutulan tibbi layihələrin tam icra edilməsinə mane olur. Beləliklə, vizanın 30 gün müddətinə kimi artırılması bu problemin də həllinə səbəb olacaq”. V.Abdullayev bildirib ki, viza rejimini ləğv edilməsi türkdilli dövlətlər arasında əməkdaşlığı daha da dərinləşdirəcək. Türk dünyasının rifahını təmin etməyə yardım edəcək. Türkiyə və Azərbaycan regionun aparıcı dövlətləri olaraq həm də türk birliyinin möhkəmlənməsində, türk ölkələri arasında sarsılmaz qardaşlıq bağlantıısının güclənməsində öndərlik edir: “Türkiyə və Azərbaycan qardaşlığı regionun siyasi xəritəsinə yeni zəngin çalarların əlavə edilməsinə davamlı şəkildə öz töhfəsini verməkdədir. Bu gün Azərbaycan və Türkiyə münasibətləri “Bir millət iki dövlət” anlayışının bütün fəlsəfi ruhuna uyğun olaraq qarşılıqlı münasibətlərin hərarətini yüksəldərək region üçün örnəkverici nümunəyə çevrilməkdədir. Bu iki ölkənin atdığı bu cür addımların digər türk dövlətləri tərəfindən də gerçəkləşməsi istisna olunmur”.

Macarıstan KİV-ləri bahalı nəqliyyat layihələrindən narazıdırlar

0
Macarıstan

Bu yaxınlarda Macarıstan hökuməti hər il Formula 1 Qran-pri yarışları keçirilən “Hunqarorinq” avtodromuna aparan M3 trasında Modyorod şəhəri yaxınlığında yeni yol ötürücüsünün açılmasını elan edib.

Həmin məlumat yayılandan sonra Macarıstanın bir sıra nəşrləri, o cümlədən “Népszava” qəzeti turizmin inkişafına həddən artıq pul xərcləndiyinə görə hökuməti tənqid edib. Bu zaman ilk növbədə həmin yol ötürücüsü nəzərdə tutulur.

Sözügedən nəqliyyat qovşağının təntənəli açılış mərasimində İnnovasiyalar və texnologiyalar naziri Laslo Palkoviç çıxış edib. O bildirib ki, bu yol ötürücüsünün tikintisi 5 milyard forintə (17 milyon avro) başa gəlib. Qəzet bu nəqliyyat qovşağının tikintisini, həmçinin bütövlükdə Macarıstan hökumətinin büdcə siyasətinin priorotetlərini tənqid edərək göstərib ki, nəqliyyat infrastrukturunun inkişafına sərf edilən xərclər mədəniyyət və təhsil sahələri üçün planlaşdırılan xərclərdən çoxdur.

Népszava” qəzeti yazır ki, bu layihənin həyata keçirilməsi yalnız yükdaşımaların inkişafında marağı olan avtomobilçi və sənayeçilərin xeyrinə olacaq. Nəşr öz mövqeyini bununla əsaslandırır ki, Macarıstan Aİ ölkələri arasında şəxsi avtomobil nəqliyyatının sayına görə ən aşağı göstəricilərdən biri qeydə alınıb. Bu ölkədə hər min sakinə 355 avtomobil düşür. Həmin göstərici yalnız Rumıniyada bundan aşağıdır. Hər min sakinə 261 avtomobil düşür. Birinci yerdə isə, Lüksemburqdur.

Qəzetdə daha sonra qeyd edilir ki, avtomobilləri olmayan vətəndaşlar bəzən dəmir yol stansiyalarında 3-4 saat gözləməli olur. Çünki qatarların hərəkət cədvəlinə əməl edilmir. Digər tərəfdən, dəmir yollarının inkişafına ayrılan 1,8 trilyon forint heç də az deyil. Müqayisə üçün bildirilir ki, Macarıstanın 2020-ci il üçün büdcəsində səhiyyə üçün 1,968 trilyon, təhsil üçün 2,09 trilyon, mədəniyyət üçün isə cəmi 0,584 trilyon forint nəzərdə tutulub. Qəzet yazır: “Büdcədə təhsil və səhiyyə sahələrinə ögey münasibət bəslənilir. Orban hökumətinin başqa prioritetləri var: ölkə hökuməti sənayeni və turizmi inkişaf etdirməkdə maraqlıdır”.

Dubay Hava Limanında işlər iqtisadi böhran səbəbindən dayandırılıb

0
Dubay Hava limanı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) illik 250 milyondan artıq sərnişin tutumu ilə dünyanın ən böyük hava limanlarından biri kimi dizayn edilmiş Dubaydakı “ElMektum” Beynəlxalq Hava Limanındakı genişləndirmə işləri, Körfəz Ərəb ölkələrindəki iqtisadi problemlər səbəbindən dayandırılıb.

“Marja” “Bloomberg” ə istinadən xəbər verir ki, Dubaydakı “El-Mektum” Beynəlxalq Hava Limanındakı genişləndirmə işləri, Körfəz bölgəsindəki iqtisadi durğunluq səbəbindən dayandırılıb.

BƏƏ-nin Emirates Hava Yolları üçün 36 milyard dollarlıq nəhəng mərkəz olması planlaşdırılır. Hava limanının ilk mərhələsinin başa çatdırılması üçün nəzərdə tutulan müddət 5 il təxirə salınıb.

Dubay Hava Limanları müdriyyətindən bildiriblər ki, uzunmüddətli planların nəzərdən keçirilib. Detalların hələ müəyyənləşdirilmədiyi bildirilib.

Regional gərginliklər və aşağı neft qiymətləri səbəbilə Dubay iqtisadiyyatı keçən il 1,9% ilə qlobal tənəzzülün yaşandığı 2009-dan bu yana ən aşağı artım sürətinə çatmışdı. Turizm sektoru 2017-ci ildən bəri sakitliyini davam etdirir. Bununla yanaşı, Emirates Hava Yollarının da Airbus-dan alacağı A-380 təyyarələrin sifarişlərini nəzərdən keçirmək qərarı verdiyi bildirilir.

Buda – Macarıstan paytaxtının incisi VİDEO

0
Budapeşt

Budapeştin turistlər arasında ən çox ziyarət edilən yeri barədə söhbət açacıq. Bu, şübhəsiz ki, Buda qalasıdır. Onun divarları müasir şəhəri əvvəlki paytaxt Budadan ayırır. Yəni indi bu, bir növ “şəhər içində şəhərdir”. Azərbaycanlılar Buda qalasını öz aralarında zarafatyana “İçərişəhər” adlandırırlar.

Buda qalasının tarixi XIII yüzillikdə başlayıb. Monqol-tatar hücumundan sonra birinci Budanın sakinləri Dunay üzərində yüksək təpəlikdə yerləşiblər. Mühacirətdən qayıdan kral IV Bela ölkənin basqınlardan müdafiəsi üçün qala tikilməsi göstərişini verib. Qalanın ətrafında tezliklə mülki əhalisi olan şəhər əmələ gəlib. Möminlər üçün Müqəddəs Nikolay kilsəsi, Müqəddəs Məryəm ana kilsəsiMariya-Maqdalina kilsəsi tikilməyə başlayıb. Kralın özü üçün isə qəsr tikiblər.

XIV əsrdə Buda qalası hələ ölkənin mərkəzi deyildi, o, XV əsrin birinci rübündə mərkəzə çevriləcək. Kral Siqizmund Müqəddəs Roma İmperiyasının imperatoru olduqdan sonra öz paytaxtını bütünlüklə Budaya köçürüb. Sadə kral yaşayış qalası ilə yanaşı, o, qotik üslubda gözəl Yeni saray tikdirib və qala divarlarının yenidən qurulmasına başlayıb. O dövr üçün mükəmməl istehkamlar, nəhəng cəngavər zalı olan möhtəşəm qəsr tikilib.

XV əsrdə kral Matyaşın hakimiyyəti dövründə Buda Avropanın ən gözəl şəhərlərindən biri hesab edilirdi. Bu adı qazanmaqdan ötrü kral Matyaş İtaliyadan dəbdəbəli sarayları yaradan ən yaxşı memarları dəvət edib. Buda Macarıstanın İntibah mərkəzinə çevrilib.

Kral Matyaşın ölümü ilə Buda qalasının tarixində şanlı dövr başa çatıb. Kral sarayı özünün əvvəlki parlaqlığını və möhtəşəmliyini qoruyub saxlamağa çalışsa da tənəzzülə uğramağa başlayıb. Borcla yüklənmiş saray əhli binanın lazımi qaydada saxlanma xərclərini ödəyə bilmirdi. Sarayın sərvətləri borcları ödəməkdən ötrü satılırdı.

1526-cı ildə Mohaçda gedən döyüşlər zamanı Budanı osmanlılar zəbt edib. Buda qalası hətta istilaçılarda belə heyranlıq doğururdu. Türklərin hökmranlığı 145 il davam edib. XVI-XVII əsrlərin hüdudlarında macar kəndlilərindən formalaşan qoşunlar dəfələrlə Buda qalasını geri almağa cəhd göstərsələr də, buna müvəffəq olmayıblar. Yalnız 1686-cı ildə Lotaringiya knyazı Karl və Bavariya kurfürstü (nüfuzlu knyaz) Maksimilianın başçılığı ilə birləşmiş xristian qoşunları Buda qalasını əhatəyə alıb və ölüm-dirim mübarizəsi başlanıb. Ard-arda hücumlar baş verirdi: həm macar haydukları (üsyançı partizanlar), həm də müdafiə olunan türklər qəhrəmanlıq göstərirdilər. 1686-cı il sentyabrın 2-də, osmanlılara xidmət edən və xeyli hərbi sirlərə, həmçinin qalanın müdafiəsində zəif yerlərə dair məlumata malik olan erməni mirzənin macar tərəfə keçərək satqınlığından sonra həlledici hücum başlandı. Bu xainlik nəticəsində macarlar qalaya daxil oldular, türklər isə Əbdürəhman paşanın ölümündən sonra kral sarayının ərazisinə çəkildilər, daha sonra isə bütünlüklə şəhərdən çıxdılar.

Sonrakı yüzilliklər də Buda qalası üçün o qədər də ürəkaçan olmayıb. Bir-birinin ardınca taun, zəlzələlər, leysanlar, yanğınlar baş verib. Bərpaolunma yalnız XVIII əsrdə başlayıb, dağıntılar üzərində barokko üslubunda yeni binalar tikilib.

Buda qalası özünün son görkəmini XIX əsrdə, memar Mikloş İbl tərəfindən tamamilə yenidən qurulduqdan sonra alıb.

Lakin yüzlərlə zalı olan qalanın nəhəng korpusu İkinci Dünya müharibəsində tamamilə yandırılıb. 1944-cü ildə Budapeştin alınması zamanı qəsr faşist qoşunlarına qarşı son müqavimət ocağı idi. Hitler qoşunları, ilk növbədə, qalanı ələ keçirdilər və burada işğalçı ordunun qərargahı yerləşdirildi. 1945-ci ilin fevralında sonuncu “SS” hissələrinin müqaviməti qırıldıqdan sonra Budada artilleriya və minomyot atəşi nəticəsində bütöv bir dam, salamat bir fasad qalmadı.

Sonra qalanın bərpası üçün uzunmüddətli və əziyyətli iş başladı. Ustad bərpaçılar orta əsrlərə dair memarlıq abidələrinin və tikililərin qalıqlarını bacardıqları qədər qoruyub saxlamağa çalışırdılar.

Bu gün Buda qalası möhtəşəm və gözəl görünüşə malikdir. Evlərin və kiçik sarayların damında kilsələrin qotik üslubda minarələri, Rıbatski istilasının roman qüllələri və tağ sıraları, kral sarayının böyük fasadı və günbəzi ucalır. Qədim paytaxtın baş meydanı – Müqəddəs Üçlüyün barokko üslubunda abidəsinin olduğu Troitsa meydanıdır. Mərmər sütunlarla üzbəüz qalanın yaşıdı – Müqəddəs Məryəm ana məbədi ucalır. Bu məbədi Macarıstanda hamı Matyaş kilsəsi adlandırır. Troitsa meydanından hər üç tərəfə ensiz, dar küçələr uzanır.

Keçmişdə karmelitlərin monastırının, hazırda Macarıstan Prezidentinin fəaliyyətdə olan iqamətgahının arxasında böyük məhəlləni nəhəng, mötəbər kompleks – Kral iqamətgahı tutur. Bu, qala ərazisinin ön hissəsidir. Keçmiş Kral iqamətgahında hazırda Milli Qalereya, Budapeşt Tarixi Muzeyi, Seçeniya adına kitabxana yerləşir.

Milli Qalereyanın qarşısında şahzadə Yevgeni Savoyskiyə süvari abidə ucaldılıb.

Buda qalası 2002-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.